Ağsu arxeoloji turizm kompleksində infotur təşkil edilmişdir
Ağsu, 19 oktyabr (AZƏRTAC). “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi (İB), AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Ağsu arxeoloji ekspedisiyası və “Heritage Travel” turizm şirkəti oktyabrın 19-da kütləvi informasiya vasitələri nümayəndələri və turizm şirkətlərinin təmsilçiləri üçün Ağsu rayonuna ənənəvi infotur təşkil etmişlər.
AZƏRTAC xəbər verir ki, infoturda müvafiq qurum və şirkətlərdən 40-dək nümayəndə iştirak etmişdir.
İştirakçılar Orta əsr Ağsu şəhəri arxeoloji turizm kompleksi ilə tanış olmuş, onları maraqlandıran suallar cavablandırılmışdır.
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu Ağsu arxeoloji ekspedisiyasının rəisi, professor Qafar Cəbiyev və “Miras” İB-nin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli 2010-cu ildən Orta əsr Ağsu şəhərində aparılan arxeoloji tədqiqatların nəticələri barədə geniş məlumat vermişlər. Vurğulanmışdır ki, Azərbaycanda bu gün elmi nəticələrin əldə edilməsi ilə yekunlaşan arxeoloji qazıntılarla kifayətlənmək olmaz. Artıq bu sahədə konservasiya işləri bir zərurət olaraq gündəmə gəlmişdir. Bu, hər şeydən əvvəl tariximizin, bu tarixin reallıqlarının qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.
İnfotur iştirakçıları Növcü kəndi ərazisindəki Daş-Qoç xatirə abidəsini, Bəyimli kəndi ərazisindəki Mehrəvan qalasını ziyarət etmiş, aparılan tədqiqat işləri ilə tanış olmuşlar. İştirakçılar, həmçinin Ağsu şəhərindəki “Az Qranata” MMC-nin şirə və şərab emalı zavodunda istehsal proseslərini də yaxından müşahidə etmişlər.