Ailə Məcəlləsində dəyişikliklər müzakirə olunub
Bakı, 6 may, AZƏRTAC
Mayın 6-da Milli Məclisin ailə, qadın və uşaq məsələləri, əmək və sosial siyasət, gənclər və idman komitələrinin birgə iclası keçirilib.
Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı iclası açaraq bildirib ki, bugünkü iclasın gündəliyinə “Azərbaycan Respublikası Ailə Məcəlləsində dəyişikliklər edilməsi” haqqında qanun layihəsi daxil edilib. Qeyd edilib ki, qanunvericilik təşəbbüsü qaydasında Ali Məhkəmənin Plenumu 28 mart 2016-cı il tarixli qərarla sənədə dəyişikliklərlə bağlı təkliflər verib. Təklif olunan dəyişikliyə görə, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaq valideynlərdən hansının yanında qaldığını müəyyən etməli, əgər uşaq həmin valideynin yanında deyilsə, onun digər valideyndən alınıb yanında qalması müəyyən edilən valideynə verilməsi məsələsi həll edilməlidir. Diqqətə çatdırılıb ki, məcəllənin 23.3-cü maddəsinə edilən dəyişiklikdə “çıxarışı” sözündən sonra “nikahın pozulmasının dövlət qeydiyyatı üçün” sözləri, 112.1-ci maddəsinə “bu qətnamə qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir” cümləsi əlavə edilir.
İclasda iştirak edən Ali Məhkəmənin hakimi Vəfaddin İbayev bildirib ki, Azərbaycanda nikahların pozulması ailənin möhkəmliyi xüsusiyyətlərinə cavab vermir. Cəmiyyətdə nikahların pozulması hallarının get-gedə artması ilkin olaraq uşaqların taleyində müəyyən problemlər yaradır, aliment məsələlərində fikir ayrılıqları ortaya çıxır. Boşanma ilə bağlı birinci instansiya məhkəməsinin qətnaməsindən sonra nikahları pozulan cütlüklərə aliment məsələsi ilə bağlı yuxarı instansiya məhkəmələrinə müraciət, şikayət etmək hüququ verilmişdi və bu da ən azı 6-7 ay çəkirdi. Bu müddətdə də uşaqlara alimentlərin ödənilməsi məsələsində əlavə problemlər yaranırdı. Ali Məhkəmənin Plenumu belə bir təkliflə çıxış etdi ki, birinci instansiya məhkəməsinin qətnaməsindən sonra alimentin tutulması dərhal təmin edilsin. Vəfaddin İbayev onu deyib ki, məhkəmələr boşanma zamanı tərəflərin hər ikisinin iştirakının təmin edilməsinə zəmin yaratmalı, nikah pozularkən uşaqların üstün mənafeyi təmin olunmalıdır.
Deputatlar Musa Quliyev, İlham Məmmədov, Elmira Axundova, Astan Şahverdiyev, Sahibə Qafarova, Araz Əlizadə, Tahir Rzayev məcəlləyə təklif edilən dəyişikliklərin yerində olduğunu, Ali Məhkəmənin qərarını ədalətli hesab etdiklərini vurğulayıblar.
Qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.