MƏDƏNİYYƏT
“AITF” yeni tərəfdaşlar axtarmaq üçün yaxşı işgüzar platformadır
Bakı, 5 aprel, AZƏRTAC
Biz “AITF” sərgisində Stavropol diyarının kurortlarında istirahət və müalicənin rəqabətli üstünlüklərinin təqdimatını keçirəcəyik. Ümidvarıq ki, burada yeni tərəfdaşlar tapacaq və nəticədə, Azərbaycandan bizim kurortlara gələn qonaqların sayının artmasına nail olacağıq. Stavropol diyarının stendində Azərbaycanın turizm biznesi, nəhəng sənaye şirkətləri, səhiyyə, təhsil və idman nazirliklərinin nümayəndələrini görməkdən məmnun olarıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Stavropol diyarının turizm və müalicə kurortları nazirinin birinci müavini Yevgeniy Stupnikov deyib.
“Biz bu sərgidə Qafqaz Mineral Suları (QMS regionu) regionunu - Rusiyanın cənubunda, Stavropol diyarında yerləşən kurort şəhərlərini özündə birləşdirən və Rusiya Federasiyasının mühafizə olunan ekoloji-kurort regionunu təqdim edirik. Rusiya Federasiyasının kurortları arasında QMS regionunun federal kurortları təbii müalicə amillərinin yüksək kurort-rekreasiya effektivliyi sayəsində unikal kurortlar kateqoriyasına daxil edilib”, - deyə Y.Stupnikov bildirib.
Onun sözlərinə görə, müalicə-sağlamlıq turizmi regionda tibbi turizmin ən kütləvi və populyar növüdür. Bir sıra kurortlarda tam sağlam insanlar üçün də faydalı olan “wellness” proqramları (müalicə, antistress, kosmetoloji) nəzərdə tutulub. Öz təbii müalicə resurslarına görə QMS regionunun Avrasiya qitəsində analoqu yoxdur.
Yevgeniy Stupnikov deyib ki, “AITF” sərgisi yeni tərəfdaşlar axtarmaq üçün yaxşı işgüzar platformadır. Hər il Azərbaycandan on minlərlə qonaq istirahət və müalicə məqsədi ilə bizim kurortları ziyarət edir və onların sayı ildən-ilə artır. Bu gün ölkənizin investorları tərəfindən Yessentuki şəhərində regionun ən yaxşı komplekslərindən biri - “İstoçnik” (“Çeşmə”) sanatoriyası inşa edilib.