Akademik İsa Həbibbəyli Daşkənddəki Füzuli Tədqiqatlar Mərkəzi ilə tanış olub
Bakı, 15 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli Özbəkistan Respublikasına səfəri çərçivəsində Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində olub, burada fəaliyyət göstərən Məhəmməd Füzuli Tədqiqatlar Mərkəzini ziyarət edib.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, akademik İsa Həbibbəyli Mərkəzin fəaliyyəti ilə yaxından tanış olub, universitetin rəhbərliyi və tələbələrlə görüşüb. AMEA rəhbəri görüşdə iki qardaş ölkənin alimləri arasında qurulmuş əməkdaşlıq əlaqələrinin əhəmiyyətindən bəhs edib. Daşkənddə fəaliyyət göstərən Füzuli Mərkəzinin, eləcə də AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda yaradılmış Əlişir Nəvai Mərkəzinin ölkələrimizin tədqiqatçıları arasında etibarlı körpü rolu oynadığını diqqətə çatdırıb.
Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru professor Şuxrat Sirociddinov tədqiqatçılar arasındakı əlaqələrin inkişaf etdiyini bildirib, bununla da yüksək elmi nəticələrin əldə olunduğunu xüsusi vurğulayıb.
Sonra tələbələr Azərbaycan dilində şeirlər səsləndiriblər.
AMEA-nın prezidenti İsa Həbibbəyli Füzuli Mərkəzinə bir sıra kitablar bağışlayıb, xatirə hədiyyələri təqdim edib.