Ali Məhkəmədə təbii inhisar subyektlərinin rəhbərlikləri ilə görüş keçirilib
Bakı, 28 iyul, AZƏRTAC
İyulun 28-də Azərbaycan Respublikasının Ali Məhkəməsində təbii inhisar subyektləri - “Azəriqaz” İstehsalat Birliyi, “Azərişıq” və “Azərsu” Açıq Səhmdar Cəmiyyətlərinin rəhbər şəxsləri ilə görüş keçirilib.
Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Prezident İlham Əliyevin 2019-cu il 3 aprel tarixli Fərmanına əsasən aparılmış məhkəmə-hüquq islahatları, ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində Mülki Prosessual Məcəlləyə edilmiş köklü dəyişikliklər, Ali Məhkəmənin vahid məhkəmə təcrübəsinin formalaşması ilə bağlı fəaliyyəti barədə məlumat verilib.
Təbii inhisar subyektləri olaraq “Azəriqaz” İstehsalat Birliyi, “Azərişıq” və “Azərsu” Açıq Səhmdar Cəmiyyətlərinin iştirak etdikləri kommersiya və mülki işlərdə rast gəlinən xarakterik problemlər müzakirə edilib, qanunvericiliyin tələbləri diqqətə çatdırılıb.
Tədbirdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.