Ali Məhkəmənin Mülki kollegiyasının sədri Avropa Hakimlər Assosiasiyasının toplantısında iştirak edib
Bakı, 5 iyun, AZƏRTAC
Yunanıstanın paytaxtı Afina şəhərində Avropa Hakimlər Assosiasiyasının növbəti illik toplantısı keçirilib.
Tədbirdə Ali Məhkəmənin Mülki kollegiyasının sədri Sənan Hacıyev və Azərbaycan Məhkəmə Hakimlərinin Assosiasiyaları İttifaqının sədri Ələddin Cəfərov iştirak ediblər.
Bu barədə AZƏRTAC-a Ali Məhkəmənin mətbuat xidmətindən məlumat verilib.
Tədbir çərçivəsində üzv dövlətlərdə hakimlərin müstəqilliyinin təminatı məsələləri müzakirə edilib. Eyni zamanda, hakimlərin söz və fikir azadlıqlarının qorunması, media və məhkəmə hakimiyyəti arasında əlaqələrin standartlarının müəyyənləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Sonda Avropa Hakimlər Assosiasiyası tərəfindən müvafiq qətnamələr qəbul edilib.