Ali Radanın deputatı: Ukrayna Azərbaycanla hərtərəfli əməkdaşlığı inkişaf etdirmək niyyətindədir
Kiyev, 17 mart, AZƏRTAC
Azərbaycan Ukrayna üçün strateji tərəfdaşdır. Ukrayna Azərbaycanla hərtərəfli əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.
Bu fikri AZƏRTAC-a açıqlamasında Ukrayna Ali Radasının deputatı İrina Allahverdiyeva söyləyib.
Deputat bildirib ki, hər iki ölkə arasında bir çox istiqamətlərdə, o cümlədən enerji, turizm, kənd təsərrüfatı sahələrində əlaqələrin inkişafı üçün gözəl potensial mövcuddur. Bu potensialın reallaşdırılması istiqamətində müzakirələr davam etdirilir.
Beynəlxalq təşkilatlarda əməkdaşlığın qənaətbəxş olduğunu deyən İrina Allahverdiyeva vurğulayıb ki, hər iki ölkə bir-birilərinin ərazi bütövlüyünü tanıyır və dəstəkləyir.
“Ukrayna hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bundan sonra da bu, belə də olacaq”, - deyə Ali Radanın deputatı əlavə edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev