ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNƏ VƏ LİSEYLƏRƏ QƏBUL İMTAHANLARI KEÇİRİLMİŞDİR
TQDK-dən bildirmişlər ki, imtahanlarda 29 min 587 nəfər (Bakıda 28144, Naxçıvanda 1443 nəfər) iştirak etmişdir. I ixtisas qrupu üzrə imtahan verən abituriyentlərin 18 min 312-i orta məktəbi bu il bitirmişdir.
Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırığı ilə respublikanın neft və qaz sənayesi sahəsində yüksək ixtisaslı mütəxəssislərin hazırlanması məqsədi ilə ali məktəblərin I ixtisas qrupu üzrə qəbul imtahanlarında daha çox bal toplayan 5 nəfərin bakalavr dərəcəsi alması üçün Dövlət Neft Şirkətinin maliyyə dəstəyi hesabına Avropanın ali məktəblərinə göndərilməsi qərara alınmışdır. Bu məqsədlə I ixtisas qrupu üzrə qəbul imtahanlarında 600–dən çox bal toplayan abituriyentlər arasında müsabiqə keçiriləcəkdir.
İmtahanlar üçün respublikamızın paytaxtında 52, Naxçıvan şəhərində 3 bina ayrılmışdır. Test imtahanlarına Bakı və Sumqayıt şəhərlərinin orta məktəblərindən olan 2144 müəllim nəzarət etmişdir.
Xüsusi mühafizə altında saxlanılan cavab kartlarının oxunulmasına avqustun 12–də - son imtahan günündən sonra başlanılacaqdır.