ALİMLƏR 1918-1919-CU İLLƏR QRİPİ PANDEMİYASININ SƏBƏBİNİ TAPMAĞA YAXINLAŞMIŞLAR
Tədqiqatlarda ötən ilin axırlarında Atlantadakı Xəstəliklərə Nəzarət və Onların Aradan Qaldırılması Mərkəzinin laboratoriyasında vaxtilə “ispanka” epidemiyasını doğurmuş H1N1 qripi virusunun elmi məqsədlərlə yenidən yaradılmış nümunəsindən istifadə olunmuşdur. Virus laboratoriya siçanlarına yoluxdurulmuşdur.
H1N1 virusu strukturuna görə H5N1 quş qripi virusuna yaxındır. Həmin virusun strukturunun əsaslı öyrənilməsi alimlərə quş qripi pandemiyasının mümkünlüyü ehtimalını qiymətləndirməyə və bu təhlükəli xəstəliyin müalicəsi və profilaktikası üsullarını vaxtında hazırlamağa imkan verir.
Hazırda xəstə quşlarla təmas zamanı insana keçən quş qripi virusundan fərqli olaraq, “ispanka” insandan insana asanlıqla keçirdi. 1918-1919-cu illərdə dünyanı lərzəyə gətirən pandemiyanın qurbanlarının həddən çox olması da elə bununla bağlıdır.
H1N1 virsuna yoluxdurulan bütün laboratoriya siçanları bir neçə gün sonra ölmüşdür. Onların orqanizminə düşən virus ağciyərləri sıradan çıxarmaqla yanaşı, həm də orqanizmin immun sisteminin qeyri-adi reaksiyasını doğurmuşdur.
Layihənin əlaqələndiricisi, Vaşinqton Universitetinin mikrobiologiya professoru Con Keş demişdir: “Zənnimizcə, baş verənlərin mahiyyəti virusun orqanizmdəki iltihab proseslərini son dərəcə fəallaşdırmasındadır. Məhz bu, infeksiyanın vurduğu ziyanı xeyli artırır. Görünür, oqranizmin immum sistemi virusa fəal reaksiya verir və həddən çox hüceyrə məhv edir. Virusu patogen edən də məhz budur”.
Tədqiqatçılar yoluxmuş orqanizmlərin immun sistemində baş verən proseslərin mahiyyətini ətraflı öyrənmək üçün eksperimenti bir neçə dəfə təkrar etmək niyyətindədirlər. Bu, virus qripinin müxtəlif növlərini, habelə quş qripinin spesifik müalicə üsullarını hazırlamaqda kömək edəcəkdir.