ALİMLƏR AĞIZ BOŞLUĞU XƏRÇƏNGİNİN NECƏ İNKİŞAF ETDİYİNİ ARAŞDIRMIŞLAR
Əvvəllər hesab olunurdu ki, bu lokalizasiyanın xərçəngi bütün hallarda eyni cür inkişaf edir. Lakin Qlazqodakı Beatson İnstitutunun alimləri bunun belə olmadığını sübuta yetirmişlər.
Tədqiqatın rəhbəri Pol Harrison və həmkarları sağlam adamların, ağız boşluğunda xərçəng olan xəstələrin və xərçəngönü dəyişikliklər olan pasiyentlərin ağızlarından götürdükləri nümunələri müqayisə etmişlər. Məlum olmuşdur ki, xərçəngin iki müxtəlif növü mövcuddur, onlardan biri daha şiddətli cərəyan edir.
Xərçəngin şiddətli formasından əziyyət çəkən xəstələrdə iki genin – zədələnmiş hüceyrələrin bölünməsini dayandıran p53 geninin və hüceyrələrin bölünməsini tənzimləyən və xərçəngin inkişafına mane olan p16 geninin strukturu pozulmuşdur.
Harrisonun sözlərinə görə, xərçəngin şiddətli formasna mübtəla olan xəstələrin müalicəsi çox çətindir və onlar nadir hallarda sağ qalırlar. Həkimlər xəstələrə optimal müalicə kursunu yalnız xərçəngönü vəziyyətin şiddətli formaya hansı hallarda keçdiyini müəyyənləşdirdikdən sonra təyin edə bilərlər. Bundan ötrü müvafiq diaqnostika testi hazırlamaq lazımdır.
Ağız boşluğu xərçəngi ən çox 50 yaşında və yuxarı yaşlarda inkişaf edir. Çeynənən tütündən istifadə edən adamların, habelə siqaret çəkənlərin və alkoqollu içkilərə qurşananların bu xəstəliyə tutulması riski daha yüksəkdir. Böyük Britaniyada xərçəngin bu növündən hər il 1600-dək adam ölür.