Alimlər rəqsin nevroloji xəstəlikləri olan insanlar üçün əhəmiyyətli olduğunu kəşf ediblər
Bakı, 19 iyul, AZƏRTAC
Rəqs beyinə müsbət təsir edir.
AZƏRTAC “The İndependent” nəşrinə istinadla xəbər verir ki, tədqiqatçılar rəqsin “daxili beyin harmoniyasını” təmin etdiyini açıqlayıblar.
Alimlər yeni tədqiqat sahəsi vasitəsilə rəqsin beyinə necə təsir etdiyini öyrənməyə çalışıblar. Onlar rəqs və beyin arasında müsbət əlaqəni tapıb, nəticə olaraq isə rəqsin nevroloji xəstəlikləri sağaltdığını müşahidə ediblər. Tədqiqatçılar onilliklər ərzində nevroloji xəstəlikləri olan insanları müalicə etmək üçün rəqs terapiyasından istifadə ediblər. Onlar ilk dəfə olaraq rəqsin beyinə müsbət təsirlərini (hərəkət funksiyalarından tutmuş psixi sağlamlığa qədər) bir sıra mürəkkəb sinir mexanizmləri ilə əlaqələndiriblər. Həmin mexanizmlər “Embodied Brain” Laboratoriyasının direktoru Julia Basso tərəfindən “beyindaxili uyğunlaşma” adlanır. J.Basso və komandasının araşdırmaları göstərir ki, rəqs təkcə beynin müxtəlif hissələrini aktivləşdirmir, həm də içindəki neyron şəbəkələri gücləndirərək ünsiyyətə başlayır. O, açıqlamasında bildirib ki, rəqs bədən və beynin bir-biri ilə tam ünsiyyət qurma qabiliyyətini əhatə edir, bunlar arasında qüsursuz bir əlaqə yaradır.
Parkinson və Alzheimer kimi nevroloji pozğunluqlar mövcud sinir yollarının dağılmasına səbəb olsa da, tədqiqatçılar rəqsin beynin yeni əlaqələr qurmaq və yeni sinir yolları yaratmaq qabiliyyətini artıra biləcəyini ifadə ediblər. Onlar rəqs vasitəsilə beyin uzlaşmasına nail olmağın təkamül uyğunlaşması ola biləcəyini düşünürlər. Ritm və səslərlə uyğunluq delfinlər və tutuquşular kimi canlıllarda olur. Onlar musiqi ritmini bədənləri ilə təkrarlaya bilir.