ALLAHŞÜKÜR PAŞAZADƏ BOLNİSİ RAYONUNDA AZƏRBAYCANLILARLA GÖRÜŞÜB
Bolnisi İcra Hakimiyyətinin başçısı Georgi Arveladze rayonda vəziyyət, əhalinin problemləri barədə qonaqları məlumatlandırmış, bölgədə dostluğun möhkəmlənməsi, sosial-iqtisadi problemlərin həlli istiqamətində görülən işlərdən danışmışdır.
Şeyxülislam dost ölkələrimizin münasibətlərinin xoş məram, qardaşlıq, strateji tərəfdaşlıq üzərində qurulduğundan və dövlətlərimizin başçılarının apardıqları siyasətin bu dostluğun daha da dərinləşməsinə xidmət etdiyindən məmnun qaldığını bildirmişdir.
Sonra nümayəndə heyəti rayonun azərbaycanlılar yaşayan Kvemo Bolnisi (Kəpənəkçi) kəndinə getmiş, burada inşa olunan məscid binasının həyətində sakinlərlə görüşmüşdür. Şeyxülislam kənddə belə möhtəşəm məscid binasının tikintisinə təşəbbüs göstərdiyinə görə xeyriyyəçi Xıdır Məlikqasımova, bu işdə ona dəstək olanların hamısına təşəkkür etmişdir. O, Tbilisidə azərbaycanlılarla görüşdə qaldırılmış problemləri Gürcüstan parlamentinin sədri Nino Burcanadzenin və Ümumgürcüstan Katolikos-Patriarxı II İlianın nəzərinə çatdırdığını, onların həllində yardımçı olmalarını xahiş etdiyini söyləmiş, Azərbaycan Prezidenti İlham Əliyevin xaricdəki soydaşlarımıza, o cümlədən Gürcüstan azərbaycanlılarına qayğısından ətraflı söhbət açmışdır.
Nümayəndə heyətinin üzvü, Milli Məclisin insan hüquqları komissiyasının sədri Rəbiyyət Aslanova demişdir: “Siz Gürcüstanın tamhüquqlu vətəndaşlarısınız. Bunu Gürcüstan iqtidarı nümayəndələrinin ölkənin ərazi bütövlüyü uğrunda mübarizədə sizin fəal iştirakınızı etiraf etmələri bir daha təsdiqləyir”.
Ölkəmizin Tbilisidəki səfiri Namiq Əliyev gürcüstanlı soydaşların yığcam məskunlaşdığı bölgələrə səfərlərin gələcəkdə də davam etdiriləcəyini vurğulamış, Azərbaycan rəhbərliyinin xaricdə yaşayan soydaşlarla işin genişləndirilməsi yönümündə həyata keçirilən tədbirlərdən danışmışdır.
Gürcüstan parlamentinin sabiq deputatı Ramiz Bəkirov, xeyriyyəçi Xıdır Məlikqasımov nümayəndə heyətinin üzvlərinə vaxt tapıb görüşə gəldiklərinə görə minnətdarlıq etmişlər.