ALMANİYADA AVROPA AZƏRBAYCANLILARI KONQRESİNİN FƏALİYYƏT PROQRAMI TƏSDİQ EDİLMİŞDİR
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iyulun 6-da Almaniyanın Maynts şəhərində Avropa Azərbaycanlıları Konqresi İcraiyyə Komitəsinin iclası keçirilmişdir. Maynts bələbiyyəsinin binasında keçirilən iclasda bələdiyyə başçısı Yens Boytel iştirakçıları salamlamış, Mayntsda Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti üçün hər cür şərait yaradıldığını bildirmiş və şəhər bələdiyyəsinin nəzdindəki Azsaylı Xalqlar Məclisinə iki azərbaycanlının da üzv seçilməsini yüksək dəyərləndirmişdir.
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov çıxışında qurumun gördüyü işlər barədə məlumat vermiş, Azərbaycan diasporunun yaşadıqları cəmiyyətlərdə daha yüksək mövqe tutmasına yardım məqsədi ilə xüsusi proqramlar işlənib hazırlandığından danışmışdır.
Avropa Azərbaycanlıları Konqresinin II qurultayından keçən dövr ərzində görülən işlər barədə iclas iştirakçılarına məlumat verən təşkilatın prezidenti Natiq Ağamirov isə həmin qurultayın Qətnaməsinə uyğun olaraq hazırlanmış 2007-2009-cu illər üçün Fəaliyyət Proqramını müzakirəyə təqdim etmişdir. İclasda Fəaliyyət Proqramı təsdiqlənmiş və qərara alınmışdır ki, bu sənəddən irəli gələn vəzifələr barədə iki ay müddətində tədbirlər planı işlənib hazırlansın. Proqramdan irəli gələn vəzifələrin həyata keçirilməsini əlaqələndirmək İcraiyyə Komitəsinin üzvlərinə və AAK-ın Əlaqələndirici Katibliyinə həvalə edilmişdir. Katiblik sənədin icrası istiqamətində həyata keçiriləcək bütün tədbirlər barədə İcraiyyə Komitəsinin üzvlərinə mütəmadi məlumat verəcək və hər ilin sonunda Fəaliyyət Proqramının icrası barədə hesabat hazırlayacaqdır. Tezliklə Avropa Azərbaycanlıları Konqresinin fəaliyyətinin operativliyini təmin etmək məqsədi ilə Berlin şəhərində AAK-ın Əlaqələndirici Katibliyinin ofisi yaradılacaqdır.
Həmçinin “Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyət strategiyası”ndan irəli gələn məsələlərin də diqqət mərkəzində olduğu iclasda quruma üzv olan təşkilatların təklifləri dinlənilmiş, eləcə də Avropa ölkələrində yaşayan azərbaycanlıların təşkilatlanması, doğma Vətənlə əlaqələrinin inkişafı, insan hüquq və azadlıqlarının qorunması, ictimai-siyasi həyata inteqrasiyanın sürətləndirilməsi yolları barədə fikir mübadiləsi aparılmışdır. Bundan başqa Avropa Azərbaycanlıları Konqresi İcraiyyə Komitəsinin tədbirində Azərbaycan xalqının mədəni irsinin təbliği, xalqımızın tarixi və müasir həyatı ilə bağlı həqiqətlərin Avropa ictimaiyyətinə çatdırılması istiqamətində görülməsi zəruri olan tədbirlərdən danışılmış, onların həyata keçirilməsi yolları müzakirə olunmuşdur.
İclasda Avropa Azərbaycanlıları Konqresinin xüsusi mükafatı da təsis edilmişdir. Mükafatın hər il dekabrın 31-də - Dünya Azərbaycanlılarının Həmrəyliyi günündə Avropa ölkələrində yaşayan azərbaycanlıların təşkilatlanması, hüquq və azadlıqlarının müdafiəsi, milli-mənəvi dəyərlərimizin qorunması, mədəni irsimizin təbliği, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, digər xalqların diaspor təşkilatları ilə əməkdaşlığın inkişaf etdirilməsi sahəsində xüsusi xidmətləri olan diaspor təşkilatlarına, ayrı-ayrı şəxslərə təqdim edilməsi nəzərdə tutulmuşdur.
Tədbir çərçivəsində Avropa Azərbaycanlıları Konqresinin internet saytının təqdimatı keçirilmişdir. Yaxın vaxtlarda Avropa Azərbaycanlıları Konqresinin mətbu orqanının da nəşrə başlaması təklif edilmişdir.
Avropa Azərbaycanlıları Konqresinin iclasında Almaniya, Litva, Bolqarıstan, Macarıstan, Çexiya və Rusiyadakı diaspor təşkilatlarımızın, o cümlədən Benilüks Azərbaycanlıları Konqresinin rəhbərləri iştirak etmişlər.