ALMANİYADA “AZƏRBAYCAN ELM VƏ MƏDƏNİYYƏT DEKADASI” DAVAM EDİR
Oktyabrın 9-da Berlin İncəsənət Qalereyasında gənc azərbaycanlı rəssamların əsərlərindən ibarət sərgi açılmışdır.
Azərbaycanın Almaniyadakı səfirliyinin təşəbbüsü ilə keçirilən sərginin təşkilatçısı Almaniya-Azərbaycan Mədəniyyəti Dostları Birliyidir.
Qalereyanın birinci salonda 35 gənc rəssamın rəsm tabloları və qrafika janrında yaratdıqları 44 əsər, ikinci salonda isə sənətkarlarımızın dünya mədəni irsinin nadir tarixi nümunəsi Qobustan qayaları üzərində həkk olunmuş antik yaşayış mənzərələrinin və rəsmlərinin əks olunduğu fotoşəkillərdən ibarət 32 əsər sərgilənmişdir.
Sərgini giriş sözü ilə açan Almaniya-Azərbaycan Mədəniyyəti Dostları Birliyinin sədri, sənətşünas Şteffen Ştörmer gənc rəssamlarımızın yaratdığı sənət əsərlərinin Azərbaycan xalqının mədəni və mənəvi zənginliyindən, onun incəsənətlə bağlılığından xəbər verdiyini vurğulamışdır.
Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev və digərləri sərginin təşkilinə görə Almaniya-Azərbaycan Mədəniyyəti Dostları Birliyinin rəyasət heyətinə təşəkkürlərini bildirmişlər.
Xüsusilə vurğulanmışdır ki, Berlində Azərbaycan rəssamlarının sərgisinin keçirilməsi xalqlarımız arasında mövcud dostluq münasibətlərinin inkişafını sübut edən əlamətdar hadisədir.
Sərgi oktyabrın 15-dək davam edəcəkdir.