ALMANİYADA AZƏRBAYCAN ELM VƏ MƏDƏNİYYƏTİONGÜNLÜYÜ KEÇİRİLƏCƏKDİR
Tədbirin proqramı alman dilində kitabça halında 1000 nüsxədə nəşr edilmişdir. Burada Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, musiqisi, rəqs sənəti, Azərbaycan-Almaniya mədəni əlaqələri və vaxtilə ölkəmizdə olan alman icmasının tarixi barədə məlumatlar öz əksini tapmışdır.
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin, ölkəmizin səfiri Pərviz Şahbazovun, Baden-Vürttemberq federal əyalətinin mədəniyyət və elm naziri, professor Peter Frankenberqin, Maynts şəhəri bələdiyyəsinin sədri Yens Boytelin və Avropa Azərbaycanlıları Konqresinin sədri Bahəddin Qayanın ön söz yazdıqları proqram-kitabça AFR hökumətinin və Bundestaqın üzvlərinə, Almaniyada akkreditə olunmuş diplomatik nümayəndəliklərə, tanınmış elm və mədəniyyət xadimlərinə göndərilmişdir.
Ongünlüyün tədbirləri geniş və rəngarəngdir.
Oktyabrın 4-dən 8-dək Frankfurt-Mayn şəhərində dünyanın ən böyük kitab sərgisi keçiriləcəkdir. Azərbaycan Respublikası ilk dəfə olaraq bu sərgiyə qatılacaq, ölkəmizin tarixi, mədəniyyəti, elmi, siyasəti, iqtisadiyyatı və bugünkü inkişafı ilə bağlı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair 600 adda kitab nümayiş etdirəcəkdir.
Oktyabrın 9-da Berlin İncəsənət Qalereyasında gənc azərbaycanlı rəssamların sərgisi açılacaq, oktyabrın 10-u, 12-13-də Berlin, Ştuttqart və Maynts şəhərlərində Azərbaycan Dövlət Kamera Orkestri, muğam üçlükləri, rəqs kollektivləri geniş konsert proqramları ilə çıxış edəcəklər.