ALMANİYADA DÜNYA AZƏRBAYCAN VƏ TÜRK DİASPOR TƏŞKİLATLARI ƏLAQƏLƏNDİRMƏ ŞURASININ İCLASI İŞƏ BAŞLAMIŞDIR
AZƏRTAC xəbər verir ki, martın 27-də Almaniyanın paytaxtı Berlin şəhərində Dünya Azərbaycan və Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının iclası işə başlamışdır.
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, tədbir dünya Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin 2007-ci il martın 9-da Bakıda keçirilmiş I Forumunda qəbul olunmuş Bakı Bəyannaməsinə uyğun təşkil edilmişdir.
İclasın keçirilməsindən məqsəd Azərbaycan və türk diasporları arasında əməkdaşlığın inkişaf etdirilməsi sahəsində qarşıda duran vəzifələr müəyyən etmək, xalqlarımızın tarixi və müasir həyatı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının yeni metod və texnologiyaları barədə müzakirələr aparmaqdir.
Toplantıni Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov açaraq və “Türkdilli dövlətlər arasında münasibətlərin inkişafında diasporların rolu” mövzusunda məruzə ilə çıxış etmişdir.
Prezidentin İcra Aparatının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun da iştirak etdiyi tədbirdə AMEA-nın prezidenti, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının İdarə Heyətinin sədri Mahmud Kərimov, Milli Məclisin deputatları Nizami Cəfərov və Qənirə Qaşayeva, Bakı Slavyan Universtetinin rektoru, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının İdarə Heyətinin üzvü Kamal Abdulla, Avropa Azərbaycanlıları Konqresinin prezidenti Natiq Ağamirov, Benilüks Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımov, Amerika Türk Assosiasiyaları Assambleyasının prezidenti Nurtan Ural, Amerika Azərbaycanlıları Cəmiyyətinin sədri, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının İdarə Heyətinin sədrinin müavini Tomris Azəri və başqaları Azərbaycan və türk diaspor təşkilatlarının qarşılıqlı əlaqələri, birgə fəaliyyəti və onun prespektivləri barədə məruzələr edəcəklər.
İclasın sonunda Əlaqələndirmə Şurasının həmsədrləri seçiləcək və yekun sənədlər qəbul ediləcəkdir. Bunlar Berlin Bəyannaməsi və 1918-ci martın 31-də Azərbaycanlılara qarşı törədilmiş soyqırımın 90 illiyi ilə əlaqədar bəyanat qəbul olunacaqdır.
Daha sonra 2007-cı ilin yekunları üzrə “Qobustan” beynəlxalq mükafatının təqdimetmə mərasimi keçiriləcəkdir.
İclasdan sonra Dünya Azərbaycan və Türk Diaspor Təşkilatları Əlaqələndirmə Şurasının üvzləri və qonaqlar “Berlin Konserthauz”da Almaniyada Azərbaycan ilinin təntənəli açılış mərasiminə qatılacaqlar.
Dünya Azərbaycan və Türk Diaspor Təşkilatları Əlaqələndirmə Şurası Dünya Azərbaycan və Türk Diaspor təşkilatları rəhbərlərinin I Forumunda yaradılmış və qurumun iclasının ildə bir dəfə keçirilməsi qərara alınmışdır. Azərbaycan və türk icmalarının fəaliyyətini əlaqələndirmək məqsədilə yaradılan Şuranın 101 üzvü vardır.