Almaniyada keçirilən görüşlərdə Milli Məclisin deputatları Ermənistanın təcavüzkarlıq siyasəti barədə danışıblar
Bakı, 13 may, AZƏRTAC
Almaniyanın Berlin şəhərində səfərdə olan Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov, Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rövşən Rzayev və deputat Rasim Musabəyov görüşlərini davam etdirirlər.
Mayın 12-də ATƏT PA-dakı Almaniya nümayəndə heyəti sədrinin müavini ilə görüş zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr aparılıb. Qeyd edilib ki, işğal altında olan Azərbaycan torpaqlarının azad edilməsi istiqamətində sülh danışıqları davam etdiyi vaxtda Ermənistan tərəfi buna məhəl qoymur və dinc sakinləri atəşə tutur.
Bundestaqın Cənubi Qafqaz Dostluq Qrupunun sədri, qrupun xarici siyasət, müdafiə və Avropa İttifaqı məsələləri üzrə sözçüsü və digər üzvləri ilə görüşdə Cənubi Qafqazda təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. Xüsusilə, Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanın regionda əsas təhlükə mənbəyi olduğu diqqətə çatdırılıb. Görüşdə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində son vaxtlar baş verən hadisələr, erməni tərəfinin təxribatları barədə geniş məlumat verilib.
Nümayəndə heyəti Almaniya Bundestaqının seçkiyə nəzarət, immunitet və intizam komitəsinin sədri, xarici əlaqələr komitəsinin və Ağsaqqallar Şurasının üzvləri, AŞPA-dakı Almaniya nümayəndə heyəti ilə görüşlərdə Azərbaycanın beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirdiyi siyasətin sülhsevər siyasət olduğunu vurğulayıblar.
Bundestaqın Avropa İttifaqı məsələləri üzrə komitəsinin sədr müavini, iqtisadi əməkdaşlıq və inkişaf komitəsinin üzvləri, SPD (Sosial Demokratlar Partiyası) fraksiyasından olan deputatlarla görüş zamanı münasibətlərin ikitərəfli inkişafının perspektivləri və bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Mayın 13-də Milli Məclisin deputatları Bundestaqdakı iqtisadiyyat və enerji komitəsinin üzvləri, Yaşıllar partiyasının xarici siyasət məsələləri üzrə sözçüsü, həmçinin Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi tapşırıqlar üzrə səfiri ilə görüşüblər.
Görüşlərdə deputatlar Ermənistanın beynəlxalq konvensiyaları pozaraq ölkəmizə qarşı qadağan olunmuş kimyəvi silahdan istifadə etdiyini bildirib, faktı təsdiqləyən lazımi sənədləri təqdim ediblər.
Milli Məclisin deputatları Humboldt-Berlin Universitetində fəaliyyət göstərən “Azərbaycan tarixi” kafedrasında da olublar.