Almaniyanın nüfuzlu qəzetlərində Azərbaycan haqqında məqalələr dərc olunmuşdur
Berlin, 16 iyun (AZƏRTAC). Azərbaycanda səfərdə olmuş alman jurnalist Saşa Lübbenin ölkəmiz haqqında hazırladğı reportaj əsasında Almaniyanın məşhur mətbuat orqanlarından olan “Frankfurter Rundschau” qəzetində “Qafqazda ququ quşulu saatlar” və Berliner Zeitung qəzetində isə “Neftin hörməti” başlıqlı məqalələr dərc olunmuşdur.
Turizm nöqteyi-nəzərindən Azərbaycanın reklamı kimi dəyərləndirilə bilən bu məqalələrdə müəllif Bakı və Şəki şəhərləri və Göygöl rayonunun turistik təsvirini verir, Azərbaycan tarixi və mədəniyyətinə ekskursiya edir. “Eurovision” mahnı müsabiqəsində qələbənin Azərbaycanı beynəlxalq turizm xəritəsinə yerləşdirdiyini söyləyən S. Lübbe növbəti il yarışmanın keçiriləcəyi Bakı şəhərində turistlər üçün maraqlı ola biləcək yerləri və cəhətləri sadalayır.
Daha sonra Azərbaycanın atəşpərəstlik keçmişindən, bu əraziyə xristian erməni, ərəb, türk və monqol köçlərindən, Azərbaycanın İran və Rusiya arasında bölünməsindən, Rusiya imperiyasının tərkibində Azərbaycanın neft sənayesinin inkişafından söhbət açılır.
Müəllif Nobel qardaşlarının adını çəkməklə yanaşı, Azərbaycanın ilk neft maqnatlarından olar hacı Zeynalabdin Tağıyevin Bakının şəhər kimi inkişafında rolunu, onun məktəb, teatr və xəstəxanalar tikdirməsi faktını da vurğulayır.
Qanlı Yanvar faciəsi, eləcə də Azərbaycanın müstəqillik əldə etməsindən sonra Sovet dövrünə aid bəzi şəxsiyyətlərə qoyulmuş abidələrin (Kirov, Lenin və s.) söküldüyünü qeyd edən müəllif Bakıda müasir hündürmərtəbəli binaların köhnə tikililərlə həmahəng təşkil etdiyini vurğulayır.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə istinadla bildirilir ki, Azərbaycan qitələr arasında körpü rolunu oynayır. Müəllif yazır ki, Azərbaycan ən çox özünün dini tolerantlığına görə sevilir və Qərb yönümündə inkişaf edir. Bakının mədəni və memarlıq müxtəlifiyindən söhbət açan müəllif Azərbaycan paytaxtının müəyyən qədər Parisə oxşadığını qeyd edir.
Daha sonra, müəllifin qeyd etdiyi kimi, keçmiş İpək Yolu boyunca qərb rayonlarına səyahət olunur. Azərbaycanın landşaftının müxtəlifliyi, ölkəmizdə 9 iqlim zonasının olması, torpağın münbitliyi sadalanır. Daha sonra müəllif Şəki Xanları sarayının geniş təsviri və Göygöl rayonunun almanlarla bağlı olan tarixi haqqında məlumat verir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin