QAN YADDAŞI
Almatıdakı turkelpress.com resursunda 20 Yanvar faciəsi haqqında geniş məqalə yerləşdirilmişdir
Almatı, 21 yanvar (AZƏRTAC). Almatıdakı turkelpress.com internet qəzetində AZƏRTAC-ın Orta Asiya və Qazaxıstan üzrə müxbiri Qulu Kəngərlinin rus dilində 20 Yanvar faciəsi ilə əlaqədar geniş məqaləsi yerləşdirilmişdir.
Məqalədə qeyd edilir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ-nin rəhbəri Mixail Qorbaçovun fərmanı ilə sovet ordusu və daxili qoşunların hissələri, o cümlədən “rezervist” adlandırılan, əksəriyyəti isə ermənilərdən ibarət quldurlar Bakıya gətirilmişdi. Bir gecənin içində günahsız insanlar - qocalar, qadınlar, uşaqlar qətlə yetirilmiş, yaralanmış, şəhərin küçələri dağıdılmışdır. Yalnız yanvarın 20-də səhər tezdən radio ilə Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında M.Qorbaçovun fərmanı oxunmuşdur.
Materialda Naxçıvan, Gəncə, Lənkəran və Neftçalada öldürülən şəhidlər haqqında da məlumat verilir.
Məqalədə deyilir ki, Bakıda fövqəladə vəziyyət elan olunması ilə SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddəsi, 1966-cı ildə SSRİ-nin də imzaladığı “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 1-ci maddəsi kobud şəkildə pozulmuşdur.
Yazıda vurğulanır ki, qırğınlarda qadağan edilmiş 5,45 kalibrli, ağırlıq mərkəzini dəyişən zəhərli güllələrlə insanlara atəş açılmışdır. Belə güllələr insana dəydikdə bütün orqanları zədələyir və onu məhv edir.
Məqalədə o hüznlü günlərdə Bakı buxtasında SSRİ silahlı qüvvələrinin gəmiləri ilə Xəzər Dəniz Gəmiçiliyinin gəmiləri arasındakı atışma və onların ratsiya ilə danışıqlarının mətni verilmişdir. Yazıda faciədən bir gün sonra o vaxt Moskvada yaşayan dünya şöhrətli siyasətçi Heydər Əliyevin Azərbaycanın daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirməsi və SSRİ-nin rəhbərlərini ittiham etməsi haqqında da məlumat verilir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Almatı