AMEA Botanika İnstitutunda 20 Yanvar faciəsinin 23-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir
Bakı, 21 yanvar (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutunda 20 Yanvar faciəsinin 23-cü ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir.
AMEA-dan AZƏRTAC-a bildirmişlər ki, əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə Botanika İnstitutunun direktoru, biologiya elmləri doktoru, professor Validə Əlizadə Qanlı Yanvar hadisələri zamanı imperiya qoşunları tərəfindən xalqımızın başına gətirilən dəhşətli cinayətlərdən danışmışdır. Qeyd edilmişdir ki, 1990-cı il hadisəsi nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli qürurunu qıra bilmədi və bu tarix yaddaşlara xalqımızın azadlığı uğrunda apardığı mübarizə günü kimi qızıl hərflərlə yazılmışdır.
Tədbirdə institutun bitki ehtiyatları şöbəsinin müdiri, biologiya elmləri doktoru Eldar Novruzov həmin dövrdə baş vermiş hadisələri yada salaraq, 20 Yanvar qəhrəmanlarının əməllərini anmaq və həqiqətlərin təbliğində azərbaycanlı gənclərin və xaricdə yaşayan soydaşlarımızın rolunun genişləndirilməsinin vacibliyini vurğulamışdır.
Digər çıxışçılar bildirmişlər ki, 23 il öncə baş vermiş hadisələri bir tərəfdən faciə kimi xatırlayırıqsa, digər tərəfdən xalqımızın qəhrəmanlıq tarixinin şanlı səhifəsi kimi qəbul etməliyik, çünki Azərbaycanın müstəqilliyi, azadlığı uğrunda mübarizəyə qalxan xalqımızın igid övladları sovet ordusunun ağır hərbi texnikasının qarşısına əliyalın çıxaraq əsl fədakarlıq göstərmişlər.
Tədbirdə “Qanlı Yanvar”a həsr edilmiş videoçarx nümayiş etdirilmişdir.