AMERİKA AZƏRBAYCANLILARININ KONQRES SEÇKİLƏRİNDƏ DƏSTƏKLƏDİYİ NAMİZƏDLƏR QALİB GƏLMİŞLƏR
Belə ki, Nyu-York ştatında demokrat Kristin Gilibrend erməni icmasının dəstəklədiyi Con Suiniyə, Konnektikutda isə demokrat Kris Mörfi ermənilərə arxalanan respublikaçı Nensi Consona qalib gəlmişlər. Nyu-Cersi ştatında demokrat Bil Paskrelin qələbəsinə də Azərbaycan və türk icmaları öz töhfəsini vermişlər.
İcma üzvləri təəssüflə bildirmişlər ki, Pensilvaniya ştatının təmsilçisi, Konqresdə Azərbaycan üzrə işçi qrupunun həmsədri Kurt Ueldon seçkilərdə uduzmuşdur. Bununla yanaşı, Amerika Azərbaycanlıları Cəmiyyətinin üzvləri hesab edirlər ki, budəfəki seçkilərdə Azərbaycan və türk icmalarının təsiri birmənalı olaraq hiss edilmişdir.
Bəyanatda, hər iki icmanın ABŞ-ın seçki prosesində artan rolu xüsusi vurğulanmış və qeyd olunmuşdur ki, seçkilərdə strateji əhəmiyyət daşıyan ştatlarda – Nyu-Cersi, Nyu-York, Pensilvaniya və Konnektikutdakı icmalarımızda yüksək siyasi fəallıq və həmrəylik nümayiş etdirmişlər.