AMERİKA TÜRK ASSOSİASİYALARI ASSAMBLEYASININ 24-CÜ QURULTAYI ÖZ İŞİNƏ BAŞLAMIŞDIR
Amerika-Türkiyə əlaqələrinin müxtəlif aspektləri mövzusunda geniş müzakirələr keçirilən qurultayda Türkiyə və Avropa Birliyi, demokratiya və islam, İraq böhranından sonra bölgədə vəziyyət məsələlələri diqqət mərkəzində olmuşdur.
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan qurultayda çıxış etmişdir. O, toplantıda Azərbaycandan yüksək səviyyəli nümayəndə heyətinin iştirakının əhəmiyyətini vurğulayaraq demişdir: «Ayrılıq illəri türk və Azərbaycan xalqları arasındakı sıx telləri zəiflədə bilməyibdir. Əksinə, Azərbaycan müstəqillik əldə etdikdən sonra ikitərəfli münasibətlərimiz məhz bu tellər üzərində qurulmuşdur”. Baş nazir Türkiyə-Azərbaycan münasibətlərinin hazırkı durumundan danışaraq bildirmişdir ki, siyasi münasibətlərin mükəmməl səviyyəsi ticarət və mədəniyyət sahəsində əlaqələrdə də əldə olunmalıdır. Türk və Azərbaycan mənşəli amerikalıları öz aralarındakı işbirliyini davam etdirməyə və genişləndirməyə çağıran Baş nazir demişdir ki, «birlik olduqda səsimiz daha güclü çıxacaqdır». Türkiyə və Azərbaycanın Avropa və Asiyanın qovuşuğunda yerləşdiyini xatırladan Ərdoğan bölgədə inkişafın və rifahın təmini üçün ölkələrimizin əməkdaşlığının vaciblyindən danışmışdır: «Bakı-Tbilisi-Ceyhan və Bakı-Ərzurum kəmərləri vasitəsilə Xəzər hövzəsinin enerji ehtiyatları yaxın gələcəkdə Qərb bazarlarına axacaqdır. Lakin Qafqazın əhəmiyyəti təkcə bununla bitmir». Bölgəmizi qeyri-sabitlik və münaqişə qaynağı adlandıran Baş nazir sülhün bərqərar olması yolunu hər bir ölkənin ərazi bütövlüyü və suverenliyinin tanınmasında görür.
Rəcəb Tayyib Ərdoğan Türkiyə xarici siyasətinin öncül istiqamətlərində, Kipr və Avropa Birliyinə üzvlük məsələlərində ölkəsinin mövqeyindən də danışmışdır. O, Amerika Türk Assosiasiyaları Assambleyasının bütün üzvlərinə müraciət edərək, ABŞ siyasətinə maraq göstərməyə, ictimai hərəkatlarda iştirak etməyə və Türkiyə-Amerika əlaqələrinin genişlənməsində fəal olmağa çağırmışdır.
Qurultayın ikinci günündə Azərbaycanla bağlı müzakirələrin keçiriləcəyi gözlənilir. Ölkəmizin mədəniyyət naziri Polad Bülbüloğlunun, Dövlət Komitəsinin sədri Nazim İbrahimovun, Azərbaycanın Vaşinqtondakı səfiri Hafiz Paşayevin, ABŞ-da yaşayan diaspor təmsilçilərinin çıxışları nəzərdə tutulmuşdur.