Andrey Tarkovskinin bərpa olunmuş filmi ABŞ-da maraqla qarşılanıb
Bakı, 28 fevral, AZƏRTAC
ABŞ-da məhdud tirajla ekranlara çıxan Andrey Tarkovskinin “Nostalji” filmi gözlənilmədən bu ölkənin tamaşaçılarının böyük marağına səbəb olub. 1983-cü ildə bərpa edilmiş və 4K keyfiyyəti ilə təqdim edilən filmin premyerası Nyu-Yorkdakı Film Forumunda baş tutub və beş günlük nümayişlər ərzində o, demək olar ki, 23 min dollar toplayıb. Bu, həmin dövr üçün film yayımının bu seqmentində ən yaxşı nəticədir.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, fevralın sonunadək (filmin Nyu-Yorkda nümayiş etdirildiyi müddətdə) bu məbləğin 30 minə çatacağı gözlənilir. Filmə olan maraq səbəbindən digər şəhərlərdə, xüsusən də San-Fransiskodakı “Roxie” kinoteatrında və Ostin Film Cəmiyyətində əlavə nümayişlər elan edilib. Bununla yanaşı, Filadelfiya və Kanadanın Monreal şəhərində də nümayişlər planlaşdırılır. Şouların təşkilatçıları deyirlər ki, bəlkə də filmin prokatı coğrafiyası daha da genişlənəcək.
İtaliyada lentə alınan “Nostalgiya” filmi Tarkovskinin SSRİ hüdudlarından kənarda çəkilmiş ilk ekran əsəri oldu. Süjetə görə, rus yazıçısı Andrey Qorçakov İtaliyaya səfər edir, prototipi Maksim Berezovski olan təhkimli musiqiçi Pavel Sosnovskinin bioqrafik izlərini axtarmaq üçün bu yerlərə gəlir.
Tarkovski “Nostalgiya” filminin ssenarisini Tonino Guerra ilə birlikdə yazıb. Bu ekran əsərinin ideyası rejissora İtaliyada səyahət edərkən gəlib. Filmdə əsas rolları Oleq Yankovski, Erland Cozefson, Domiziana Giordano, Patricia Terreno, Laura de Marçi, Delia Bokardo və başqaları ifa ediblər. “Nostalgiya” 1983-cü ildə Kann Film Festivalında ən yaxşı rejissor nominasiyasında mükafata, FIPRESCI mükafatına və iqumenik münsiflər heyətinin mükafatına layiq görülüb.
Tarkovski qismən Qorçakovun taleyini bölüşüb. İtaliyaya işləməyə getdiyi üçün daha Rusiyaya qayıda bilməyib. “Nostalgiya” filminə görə Kann Film Festivalında mükafat qazandıqdan bir il sonra rejissor Sovet İttifaqına qayıtmamaq qərarını açıqlayıb. Tarkovski özünü dissident hesab etməsə də, hakimiyyət haqqında mənfi fikirlər səsləndirib.
Bu gün “Nostalgiya” filmi Andrey Tarkovskinin layiqli qiymətini almayan və daha az tanınan ekran əsərlərindən biridir.