ANKARADA AZƏRBAYCAN GECƏSİ KEÇİRİLMİŞDİR
Ankara, 30 avqust (AZƏRTAC). Ankaranın Keçiörən rayonunda Mərkəzi Asiya, Afrika və Asiyanın müsəlman ölkələrinin iştirak etdiyi “Sərhədləri aşan qardaşlıq” devizi altında təşkil edilən II Beynəlxalq Ramazan festivalı çərçivəsində Azərbaycan gecəsi keçirilmişdir.
Tədbirdə Keçiörən bələdiyyəsinin başçısı Mustafa Ak, Azərbaycanın Türkiyədəki səfirliyinin müşaviri Rəşad Vahabzadə, Türkiyə-Azərbaycan Dərnəyinin sədri Sinan Oğan, Diasporla İş üzrə Dövlət Komitəsinin təmsilçisi Elnar Məmmədov çıxış etmişlər.
Bildirilmişdir ki, türk dünyasının dahi şəxsiyyəti, ulu öndər Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamına uyğun olaraq qardaşlıq tellərini gündən-günə gücləndirən xalqlarımız ortaq mədəniyyətə malikdirlər. Müqəddəs Ramazan ayında da bu cür tədbirlərin keçirilməsi xüsusi məna daşıyır.
Tədbirin bədii hissəsində nümayiş etdirilən Azərbaycan milli rəqs nümunələri, müğənni Cavid Təbrizlinin konserti ankaralıların alqışları ilə qarşılanmışdır.
Tədbir iştirakçıları festival meydanında açılmış Azərbaycan guşəsi ilə də tanış olmuşlar. Ölkəmizin Türkiyədəki səfirliyi tərəfindən təşkil olunmuş guşədə Ankara sakinlərinə Azərbaycan haqqında ətraflı məlumat verilmiş, kitablar, broşürlər, CD-lər paylanmışdır. Bu kitabların əksəriyyəti ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edir.
Tədbir iştirakçıları Azərbaycanın siyasi, iqtisadi və sosial sahədə nailiyyətlərindən bəhs edən filmə də tamaşa etmişlər.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara