CƏMİYYƏT
Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqı yaradılıb



Bakı, 29 sentyabr, AZƏRTAC
Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqının (ASİHİ) təsis qurultayı keçirilib. Öncə Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından (AHİK) AZƏRTAC-a bildirilib ki, qurultayda gündəliyə Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqının təsis edilməsi, nizamnaməsinin təsdiqi, sədrin seçilməsi, məclis üzvlərinin təsdiqi, Təftiş komissiyasının seçilməsi və digər təşkilati, cari məsələlərin daxil edildiyi diqqətə çatdırılıb.
Gündəliyə çıxarılan məsələlər ətrafında müzakirələr aparılıb, rəy və təkliflər dinlənilib, qurultay iştirakçılarının səsverməsi ilə müvafiq qərarlar qəbul olunub.
Belə ki, səs çoxluğu ilə Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqı yaradılıb və Fuad Məmmədov İttifaqın sədri seçilib. Həmçinin qurumun Nizamnaməsi, Məclis və Təftiş komissiyasının üzvləri təsdiqlənib.
Eləcə də Qurultay iştirakçıları Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqının Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına üzv olması barədə qərar qəbul ediblər.
Tədbirdə iştirak edən AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev yeni təsis olunan ASİHİ-yə fəaliyyətində uğurlar arzulayıb, bir sıra tövsiyələr verib.