Aqrar Universitetin tələbələri “Baytarlıq şəhərciyi”ndə olublar
Bakı, 6 mart, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX), Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi və Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) birgə həyata keçirdikləri əməkdaşlıq çərçivəsində Aqrar Universitetin Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin 14 tələbəsi martın 5-dən 11-dək Bakı şəhərinə ezam olunublar.
AZƏRTAC xəbər ki, tələbələr “Baytarlıq şəhərciyi”ndə yerləşən Dövlət Baytarlıq Nəzarəti Xidməti, Respublika Baytarlıq Laboratoriyası (RBL), Baytarlıq Elmi-Tədqiqat İnstitutu (BETİ) və Kənd Təsərrüfatı Muzeyi ilə tanış olacaq, həmçinin Bakı şəhərində fəaliyyət göstərən baytarlıq-sanitariya ekspertiza laboratoriyasında, IDEA Heyvanlara Qayğı Mərkəzində görüşlər keçirəcəklər.
Tədbirlər planına əsasən universitet tələbələri martın 5-də Dövlət Baytarlıq Nəzarəti Xidmətində olublar. Xidmətin mütəxəssisləri tərəfindən Dövlət Xidmətinin strukturu, baytarlıq qanunvericiliyi, normativ hüquqi sənədlər, epizootoloji və baytarlıq-sanitariya tədbirləri, Xidmət tərəfindən görülən digər tədbirlər, qarşıda duran vəzifələr və məqsədlər barədə onlara ətrafı məlumatlar verilib.
Sonra tələbələr “Baytarlıq şəhərciyi”ndə yerləşən Kənd Təsərrüfatı Muzeyində tarixi eksponatlarla maraqlanıblar.
Aqrar Universitetin tələbələrinin səfər proqramı növbəti günlərdə də davam edəcək.