Aqrar Xidmətlər Agentliyinin sədri Salyanda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib






Bakı, 13 mart, AZƏRTAC
Aqrar Xidmətlər Agentliyinin (AXA) sədri Sərdar Hacıyev Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Salyan və Neftçala rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, vətəndaşların müraciətləri əsasən, işlə təminat, iş yerinin dəyişdirilməsi, xırdabuynuzlu heyvan təsərrüfatına dəymiş zərərin ödənilməsinə köməklik göstərməsi və digər məsələlərlə bağlı olub. AXA sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Sərdar Hacıyev vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Vətəndaş qəbulu başa çatdıqdan sonra Agentlik sədri Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Salyan sort-sınaq məntəqəsində müxtəlif taxıl sortlarının əkin sahələrinə baxış keçirib, aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verib.
Sonra Sərdar Hacıyev Salyan rayonunun Sarvan kəndində Bəşirli Cavidan İlham oğluna məxsus toxum saxlama anbarlarına və texnikalara baxış keçirib. Görüşlərdə fermerlərlə ölkədə toxumçuluğun inkişafı, bu sahəyə dövlət dəstəyi və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb, səsləndirilən təkliflər qeydə alınıb.