Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 15 santimetr artıb
Bakı, 16 fevral, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-150, Kiçik Qafqazın çaylarında 130-230, Lənkəran-Astara bölgəsi çaylarında 100-150, Naxçıvan Muxtar Respublikası çaylarında isə 170 faizini təşkil edir.
Departamentdən AZƏRTAC-a bildirilib ki, fevralın 16-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 200 kubmetr olmaqla ongünlük normanın 117 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm saniyədə 135 kubmetr təşkil etməklə ongünlük normanın 79 faizinə bərabər olub.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 45 kubmetr olmaqla ongünlük normanın 76 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 59 kubmetr təşkil edərək ongünlük normanın 84 faizinə bərabər olub.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 13, Şirvanda 8, Salyanda 6, Araz çayının Novruzlu məntəqəsində 15 santimetr artım qeydə alınıb, lakin Bankədə suyun səviyyəsində 1 santimetr azalma müşahidə olunub.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 348 (2017-ci il fevralın 16-da 479 sm), Şirvanda 201 (2017-ci il fevralın 16-da 349 sm), Salyanda 159 (2017-ci il fevralın 16-da 329 sm), Bankədə 176 (2017-ci il fevralın 16-da 249 sm), Araz çayının Novruzlu məntəqəsində isə 95 santimetr (2017-ci il fevralın 16-da 200 sm) təşkil edir.