Argentina qəzeti: Azərbaycan dini azadlıq və birgəyaşayış modeli olan ölkədir
Bakı, 15 iyul, AZƏRTAC
Azərbaycan 2500 ildən çoxdur çoxsaylı mədəniyyət və dini icmaların sığındığı, yəhudilər, xristianlar və müsəlmanların harmoniya və qarşılıqlı hörmət əsasında, çoxəsrlik adət-ənənələri bölüşərək qardaşlıq mühitində yaşadığı bir ölkədir.
AZƏRTAC xəbər verir ki, bu fikir Argentinanın nüfuzlu və geniş oxucu kütləsinə malik “Clarin” qəzetində bu ölkənin İslam Mərkəzinin katibi, professor Rikardo Elianın müəllifi olduğu “Dini azadlıq və birgəyaşayış modeli olan bir Qafqaz ölkəsi” sərlövhəli məqalədə qeyd edilib.
Məqalədə ümummilli lider Heydər Əliyevin çıxışlarına istinad edilərək, bir ölkənin qüdrətinin arxasında universal mədəniyyət və sivilizasiyaların daşıyıcıları olan icmaların mühüm rolunun dayandığı, Azərbaycanın çoxkonfessiyalı bir cəmiyyət olmasının ölkənin ən böyük sərvəti və üstünlüyü olduğu vurğulanır.
Müəllif R.Elia Azərbaycan hökuməti tərəfindən dini və tarixi məbədlərin qorunub saxlanılması və bərpasına xüsusi diqqət yetirildiyini bildirir, bu xüsusda ölkəmizdə fəaliyyət göstərən rus pravoslav kilsələri, Lüteran kilsəsi, erməni kilsəsi, sinaqoqlar barədə məlumat verir. Həmçinin 2010-cu ildə bütün ermənilərin katolikosu II Qareginin Bakının mərkəzində yerləşən və Azərbaycan dövləti tərəfindən təmir edilib qorunan erməni kilsəsində də olduğunu diqqətə çatdırılıb.
Yazıda, həmçinin Azərbaycan hökuməti tərəfindən həyata keçirilən bu nəcib missiyanın ölkə hüdudlarından kənarda da davam etdirildiyi bildirilir, Heydər Əliyev Fondunun dəstəyi ilə Vatikanda katakombaların, Fransada kilsənin və Strasburq kafedralının bərpası istiqamətindəki fəaliyyətindən bəhs olunur.
R.Elia Azərbaycan ilə Vatikan arasında əməkdaşlıq əlaqələrindən bəhs edərək, 2016-cı ildə Papa Fransiskin Azərbaycana səfəri zamanı onun tolerantlıq diyarı kimi Şərq ilə Qərb arasında mühüm körpü rolunu oynadığını bəyan etdiyini diqqətə çatdırır.