Arıçılığa göstərilən dövlət dəstəyi bu sahənin elmi əsaslarla inkişafına şərait yaradır
Naxçıvan, 6 fevral, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2016-cı il noyabrın 18-də imzaladığı Sərəncamı ilə təsdiq olunmuş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə Naxçıvan Dövlət Universitetində də arıçılıq sahəsində aparılan elmi araşdırmaların həcmi artıb, yaradılan müasir laboratoriya daha da zənginləşdirilib, bu sahəyə dair kitab və dərsliklər nəşr olunub.
Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ali təhsil ocağının Baytarlıq təbabəti kafedrasında arıçı sahibkarlarla “Arıçılıq təsərrüfatlarında yaz işləri” mövzusunda keçirilən təlim də qarşıya qoyulan vəzifələrin icrası ilə bağlı olub.
Universitetin rektoru Elbrus İsayev çıxış edərək muxtar respublikada arıçılığa göstərilən dövlət qayğısından danışıb. Ali təhsil ocağında bu sahəyə xüsusi diqqət göstərildiyini deyən rektor diqqətə çatdırıb ki, Baytarlıq ixtisasının ayrıca binada fəaliyyət göstərməsi dövlət dəstəyinin təzahürüdür.
Bildirilib ki, hər il Naxçıvan şəhərində keçirilən “Arıçılıq məhsulları - bal festivalı”nın iştirakçısı olan universitet ötən il festivalın qalibi kimi I dərəcəli diplomla təltif edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin universitetdə arıçılıq məhsulları və dərman bitkiləri çıxarışlarından istifadə etməklə yeni dərman preparatlarının hazırlanması haqqındakı tapşırığı əsasında ali təhsil ocağının laboratoriyasında arı vərəmumu və yağ əsaslı krem nümunələri və vərəmum bitki çıxarışlı qarışıqlar hazırlanıb.
“Naxçıvan Muxtar Respublikası Arıçıları” İctimai Birliyinin sədri Etibar Məmmədov universitetlə birgə keçirilən təlimin arıçılar üçün əhəmiyyətli olduğunu qeyd edib.
“Erkən yaz dövrü ana arının yetişdirilməsi” adlı çıxışında universitetin Baytarlıq təbabəti kafedrasının müəllimi, biologiya üzrə fəlsəfə doktoru, dosent Əli Tahirov bildirib ki, arıçılıqda məhsul istehsalına müsbət təsir edən əsas amillərdən biri də erkən yaz dövründə arı ailələrinə qulluğun düzgün aparılmasıdır. Yaz mövsümündə arıçıların arı pətəklərində görəcəyi işlər bol məhsulun əldə olunması baxımından əhəmiyyətlidir. Yaz yoxlanışı zamanı pətəklərdə arı xəstəliklərinin olmasına nəzarət etmək bu baxımdan vacibdir. Arı xəstəliklərinin vaxtında aşkarlanmaması, xəstəliklərə qarşı mübarizə tədbirlərinin görülməməsi arı ailəsinin məhv olmasına gətirib çıxarır. Həmçinin xəstəliklər nəticəsində zəifləmiş ailələrdə məhsuldarlıq da aşağı düşür.
Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin dekanı, biologiya üzrə fəlsəfə doktoru, dosent Elsevər Əsədov “Arıçılıqda yaz qayğıları” adlı çıxışında arıçıların yaz qayğıları, yaz mövsümündə arı pətəklərində görülməli olan işlərdən danışıb. Vurğulayıb ki, arıxanada ailələrə baxış günəşli, sakit və havanın temperaturu 15 dərəcədən artıq olan günlərdə aparılmalıdır. Bu zaman ailənin gücü, ana arının varlığı və yaxud səmərəliliyi, işçi arıların, yumurta və sürfənin vəziyyəti, yem ehtiyatı yoxlanmalıdır. Yazda ana arı nə qədər çox yumurta qoyarsa, arı ailəsi o qədər güclü, arıların sayı isə çox olar. Bu isə məhsul istehsalında əsas göstərici sayılır.
“Müasir arıçılıq təcrübəsində istifadə edilən alət və avadanlıqlar” adlı çıxışında Baytarlıq təbabəti kafedrasının müdiri, baytarlıq üzrə fəlsəfə doktoru, dosent Yunis Rüstəmli qeyd edib ki, kafedraya yeni arıçılıq alət və avadanlıqları alınıb, arıçılıq problemləri laboratoriyası daha da zənginləşdirilib. Alınan avadanlıqlar ana arının alınması, paket arıçılığın inkişafı, vərəmum, çiçək tozunun alınması üçün mühüm əhəmiyyətə malikdir.
Sonra universitetin Arıçılıq problemləri laboratoriyasında olan qonaqlar arıçılıq ləvazimatları ilə tanış olublar.
Sonda təlim iştirakçılarına universitet tərəfindən sertifikatlar təqdim edilib.