Armen Aşotyan Ermənistan məktəblilərinin uğur qazanacaqlarına əmin deyil
Brüssel, 16 iyun, AZƏRTAC
Ermənistanın təhsil və elm naziri Armen Aşotyan bildirib ki, onun ölkəsi Bakını beynəlxalq məktəb olimpiadalarının keçirilməsi hüququndan məhrum olunması tələbi ilə Avropa strukturlarına müraciət edəcək. AZƏRTAC xəbər verir ki, Ermənistan məktəblilərinin Bakıda kimya üzrə 47-ci beynəlxalq olimpiadada iştirak etməyəcəkləri barədə məlumat verən, guya Azərbaycanın komandanın təhlükəsizliyinə təminat vermədiyini bəhanə gətirən Ermənistan naziri deyib: “Biz müraciət edəcəyik ki, belə olimpiadalar daha Bakıda keçirilməsin, çünki onda Ermənistan faktiki olaraq iştirak etmək imkanından məhrum olur”.
Bircə məsələ qaranlıq qalır: Aşotyan nədən bədahətən belə qərara gəlir ki, Ermənistan məktəblilərinin iştirakı olmadan keçirilən olimpiadalar artıq “olimpiada” deyil? Gəlmək istəmirsinizsə, öz işinizdir. Olimpiadalar bundan heç nə itirməyəcək. Əksinə, iştirak etməməyiniz başqa komandaların qələbə şansını artıracaq.
Aşotyanın bəyanatının Ermənistan idmançılarının Bakıda olduqları, hətta medal qazandıqları, Ermənistan KİV-lərinə müsahibələrində şəxsi təhlükəsizliklərinin səviyyəsindən razı qaldıqlarını bildirdikləri bir vaxtda səslənməsi isə doğrudan da gülünc məsələdir.
Aşotyan Ermənistan məktəblilərinin uğur qazanacaqlarına əmin deyilsə, qoy bunu açıq şəkildə etiraf etsin, daha öz gözündə tiri görməyib başqasının gözündə çöp axtarmasın.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel