“Arsenal”ın azarkeşi: Bakıda bizi çox səmimi qarşıladılar
Bakı, 29 may, AZƏRTAC
Azərbaycanın gözəl paytaxtına biz ilk dəfədir gəlmişik. Bizi çox səmimi qarşıladılar. Biz çox razıyıq və gəlməyimizə peşman deyilik. Sizin sahilboyunuz superdir. Böyük məmnuniyyətlə buranı gəzdik. Bu gün maraqlı və gözəl futbol görəcəyimizə əminəm. Səmimi qəbula görə bir daha sağ olun.
Bu barədə AZƏRTAC-a müsahibəsində Rusiyanın Həştərxan şəhərindən Bakıya dostu ilə bərabər UEFA-nın Avropa Liqasının bugünkü final matçını izləməyə gəlmiş azarkeş Ruslan Musayev deyib. O bildirib: “Yurgen Kloppun Avropa Liqasının final matçının Azərbaycan paytaxtında keçirilməsinin məqsədəuyğun olmaması barədə dedikləri heç xoşuma gəlmədi. Bu sözləri ilə o, sizin qonaqpərvər ölkənizə hörmətsizlik edib. Məlum olduğu kimi, hər bir turnirin əvvəlində final iştirakçılarının qabaqcadan adını çəkmək çətindir. Ümumiyyətlə, final tamamilə İngiltərə komandalarından ibarət olmaya bilərdi. Bu finala Rusiya klubu da, Avropanın digər ölkələrinin klubları da keçə bilərdi. Məsələn, yarımfinal oyununda Londonun “Çelsi” komandası Frankfurtun “Ayntraxt” komandasını yalnız penalti seriyalarında məğlub etdi. Məlumdur ki, penalti seriyaları lotereyada olduğu kimidir - ya udub, ya da uduzursan. Biz “Arsenal”a azarkeşlik edirik və inanırıq ki, bu komanda UEFA-nın Avropa Liqasının qalibi olacaq”.