AŞIQ ŞƏMŞİR - 110
DAĞLARIN SAZ VƏ SÖZ ŞİMŞƏYİ
Saraydan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, gecədə mədəniyyət naziri Polad Bülbüloğlu çıxış edərək, böyük sənətkarın xatirəsinin əbədiləşdirilməsi üçün görülən işlərdən danışmışdır. Aşıq Şəmşirin yubileyinə həsr olunmuş ədəbi-bədii gecələr, təntənəli mərasimlər, Xanlar rayonundakı musiqi məktəbinə aşığın adının verilməsi bu tədbirlər sırasındadır.
Mərasim aşığın ifasında lent yazılarının müşayiəti ilə davam etmişdir. Bir-birinin ardınca söz alıb çıxış edən natiqlər vurğulamışlar ki, qədim köklərə malik olan milli aşıq sənəti ənənələrinin davam etdirilməsi və zənginləşdirilməsində Aşıq Şəmşirin böyük əməyi vardır. Şifahi xalq mədəniyyətimizin dərin bilicisi, mahir dastan ifaçısı kimi tanınan söz ustasının bədii yaradıcılığında Azərbaycan təbiətinin gözəllikləri, Vətən sevgisi, torpağa bağlılıq başlıca motivlərdir. Ustad aşığın yaradıcılığı öz qaynağını xalqımızın milli-mənəvi dəyərlərini tərənnüm edən zəngin saz və söz xəzinəsindən, klassik sənətkarlarımızın bədii irsindən almışdır.
Aşığın oğlu Qənbər Qurbanov atasının yaradıcılığına və xatirəsinə göstərilən diqqətə görə Azərbaycan Prezidenti İlham Əliyevə Aşıq Şəmşirin ailəsi adından minnətdarlığını bildirmişdir.
Gecədə incəsənət ustalarının, tanınmış el aşıqlarının ifasında Aşıq Şəmşirin şerləri səslənmiş, mahnıları oxunmuşdur.