MƏDƏNİYYƏT
“ASK People” biznes araşdırmaları şirkətinin fəaliyyəti ilə bağlı təqdimat keçirilmişdir
Bakı, 15 aprel (AZƏRTAC, Elvira Məmmədova). Aprelin 15-də “Ask People” şirkəti “Fairmont Baku” otelində uğurlu fəaliyyəti ilə bağlı təqdimat keçirmişdir.
AZƏRTAC xəbər verir ki, tanınmış şirkətlərin nümayəndələrinin, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpus və beynəlxalq təşkilatların təmsilçilərinin iştirak etdikləri təqdimat mərasimində
respublikamızın biznes-tədqiq xidmətləri sahəsində nadir və qabaqcıl şirkətlərindən olan “Ask People” MMC-nin təsisçisi İlkin Rüstəmov qurumun fəaliyyətindən, qısa müddətdə qazandığı uğurlardan, Azərbaycan bazarı üçün təqdim olunan nadir biznes araşdırmaları xidmətlərindən danışmışdır.
Qeyd edilmişdir ki, şirkət ölkənin bir sıra iqtisadi və biznes-maliyyə institutları ilə bağlanmış strateji tərəfdaşlıq memorandumları sayəsində öz balansında böyük iqtisadi və biznes araşdırmaları üçün elmi potensialı cəmləşdirir. “Ask People” müştərilərinin və onların brendlərinin uğuru üçün tələbata uyğun, etibarlı bazar araşdırmaları təqdim edir. Öz müştərisi olan şirkətlərə fərdi yanaşması və layihələri xüsusi şövq və yüksək məsuliyyətlə yerinə yetirməsi ilə həmişə qürur duyur. Qurumun dəqiq yerinə yetirilən bütün araşdırma layihələri biznes və bazar tədqiqatı elminin ən son nailiyyətlərinə və ən qabaqcıl texnoloji proqram tətbiqlərinin istifadəsinə söykənir. Müxtəlif sənaye sahələrini əhatə edən araşdırma fəaliyyətlərinin yekun hesabat sənədləri müştərilərin ən həssas ehtiyaclarını, gözləntilərini diqqətdə saxlayır.
Bildirilmişdir ki, şirkətin uğurlu fəaliyyəti və çoxçeşidli araşdırma xidmətləri barədə rəsmi www.askpeople.az saytından məlumat almaq mümkündür.
Azərbaycan Turizm İnstitutunun (ATİ) məzunlarının da “Ask People” MMC-də çalışdığını qeyd edən ATİ-nin rektoru, tarix üzrə elmlər doktoru, professor Cəfər Cəfərov şirkətə fəaliyyətində uğurlar arzulamışdır.
Digər çıxış edənlər də “Ask People” MMC-nin fəaliyyətini yüksək qiymətləndirmişlər.
Azərbaycanın biznes və sahibkarlıq mühitinə töhfələr bəxş etməyi qarşısına məqsəd qoyan “Ask People” şirkətinin təqdim etdiyi bu yüksək səviyyəli xidmətlər qonaqlar tərəfindən maraqla qarşılanmışdır.
Tədbir musiqi nömrələri ilə davam etmişdir.