Aşqarlar Kimyası İnstitutunda Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
Bakı, 15 iyun, AZƏRTAC
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda Yeni Azərbaycan Partiyası ərazi təşkilatının, Azad Həmkarlar Təşkilatı, Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan ərazi bütövlüyü uğurunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra tədbir iştirakçılarına Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Aşqarlar Kimyası İnstitutunun baş direktoru akademik Vaqif Fərzəliyev çıxış edərək bildirib ki, Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malikdir. Akademik bu gün haqqında geniş məruzə ilə çıxış edərək milli qurtuluşdan başlayan yolda qazanılan uğurlardan söz açıb.
İnstitutun tanınmış alimi Nüsrət Əliyev çıxışında Milli Qurtuluş Gününün Azərbaycan tarixində mühüm mərhələnin başlanğıcı olduğunu vurğulayıb.
Sonra Milli Qurtuluş Günü ilə bağlı məruzə dinlənilib, müzakirələr aparılıb.