İQTİSADİYYAT
ASTARA-ASTARA ELEKTRİKÖTÜRMƏ XƏTTİNİN ÇƏKİLİŞİNİ GƏLƏN İLİN MARTINDA BAŞA ÇATDIRMAQ NƏZƏRDƏ TUTULUR
“Azərenerji” Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev başda olmaqla Azərbaycan energetikləri nümayəndə heyətinin İran İslam Respublikasına səfəri zamanı 220 kilovoltluq Astara-Astara elektrikötürmə xətininin çəkilişini başa çatdırmaq haqqında müqavilə imzalanmışdır.
İran energetikləri azərbaycanlı həmkarları ilə görüşdə məlumat vermişlər ki, xəttin çəkilişi və yardımçı stansiyanın yenidən qurulması üzrə İran ərazisində görülən işlər sona çatmaqdadır.
Xəttin Azərbaycan ərazisindəki hissəsinin çəkilişinə cari ilin dekabrında başlanacaqdır. 2003-cü ilin martında bu işləri başa çatdırmaq, habelə yardımçı stansiyanı istifadəyə vermək nəzərdə tutulmuşdur.
Astara-Astara elektrikötürmə xəttinin istifadəyə verilməsi Azərbaycanın cənub bölgələrinin elektrik enerjisi ilə təchizatını keyfiyyətcə yaxşılaşdırmağa və ölkələrimiz arasında enerji mübadiləsinin həcmini artırmağa imkan yaradacaqdır.
Danışıqlarda İmişli-Parsabad elektrikötürmə xəttinin ikinci mərhələsinin tikintisi məsələsi də müzakirə edilmişdir. Bu xəttin ümumi uzunluğu 185 kilometr olacaq və onun təxminən 24 kilometri Azərbaycan ərazisindən keçəcəkdir.
Tərəflər 400 kilovoltluq elektrikötürmə xətti çəkilməsi barədə də razılığa gəlmişlər. Azərbaycan ərazisi üçün xəttin layihəsini “Azərenerji” SC-nin Elmi Tədqiqat Energetika və Enerji Layihələri İnstitutu hazırlamışdır. Azərbaycan energetikləri bildirmişlər ki, bu layihənin həyata keçirilməsinə gələn ilin yanvarında başlamaq fikrindədirlər. Ekspertlərin ilkin hesablamalarına görə, xətti 2004-cü ilin sonunadək istifadəyə vermək mümkündür. Lakin tərəflər onun vacibliyini və zəruriliyini nəzərə alaraq, tikintini sürətləndirmək barədə razılığa gəlmişlər. İmişli-Parsabad elektrik xəttinin ikinci mərhələsi istifadəyə verildikdən sonra İranla Azərbaycan arasında enerji mübadiləsinin həcmi 1,7 milyard kilovat/saata çata bilər.
Tehrana səfər zamanı Azərbaycan energetikləri İranın energitika infrastrukturu ilə də tanış olmuş, iri elektrotexnika müəssisələrindən birinə də getmişlər.
Danışıqların yekunlarına əsasən, tərəflər təcrübə mübadiləsini davam etdirmək və bir-birinə mütəxəssislər göndərmək haqqında razılığa gəlmişlər.