Astarada sənaye məhsulunun həcmi 7,9 faiz artıb
Astara, 27 iyul, İlkin Adıyev, AZƏRTAC
Cari ilin yanvar-iyun aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunan malların və göstərilmiş xidmətlərin həcmi 7,9 faiz artaraq 17 milyon 729,5 min manat təşkil edib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Astara Rayon Statistika İdarəsindən bildirilib.
Qeyd olunub ki, sənaye məhsulunun 35,9 faizi emal, 63,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Cari ilin yanvar-iyun aylarında istehlakçılara 17 milyon 288,9 min manatlıq məhsul göndərilib və sənaye xidmətləri göstərilib. Əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında iyulun 1-i vəziyyətinə 982,9 min manatlıq hazır məhsul olub.
Emal sənayesində yanvar-iyun aylarında 6 milyon 356,8 min manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda altı ay ərzində 11 milyon 278,9 min manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib, əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə 5,4 faiz artım müşahidə olunub.
Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 93,8 min manat olub və keçən ilin müvafiq dövrünə nisbətən 13,2 faiz azalma qeydə alınıb.
Rayonda 122,45 mln. kVt/saat və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,1 faiz çox elektrik enerjisi istehsal olunub.