Astarada Xocalı faciəsinin 20-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilmişdir
Astara, 25 fevral (AZƏRTAC). Astara şəhərində Xocalı faciəsinin 20-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, rayonun rəhbər işçiləri, idarə, müəssisə və təşkilatların əməkdaşları, müharibə veteranları, yaşlı nəslin, gənclərin və ictimaiyyətin nümayəndələri şəhərin mərkəzindəki “Şəhidlər” abidə-kompleksinin, burada uyuyan qəhrəmanların məzarları önünə gül dəstələri düzərək Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini ehtiramla yad etmişlər. Burada şəhidlərin ruhuna dualar oxunmuşdur.
Tədbir rayon icra hakimiyyətində (RİH) elmi-praktiki konfransla davam etmişdir.
Astara Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov XX əsrin sonunda ermənilərin köməksiz, silahsız insanlara qarşı törətdikləri Xocalı soyqırımının dəhşətləri barədə ətraflı məlumat verərək bildirmişdir ki, bu faciənin beynəlxalq miqyasda tanınması üçün uzun müddət heç bir iş görülməmişdir. Yalnız ümummilli lider Heydər Əliyevin qətiyyəti sayəsində Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilmişdir.
Xocalının və işğal altında olan bütün torpaqlarımızın Prezident İlham Əliyevin rəhbərliyi ilə geri alınacağını vurğulayan T. Qaraşov Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində aparılan işlərin getdikcə geniş miqyas aldığını, ölkəmizin gündən-günə beynəlxalq aləmdə nüfuzunun artdığını diqqətə çatdırmışdır.
RİH başçısının müavini Natiq İbadov Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı məruzə etmişdir.
“Xocalım-ağrım mənim” kitabının müəllifi şair Mərasim Hacızadə, rayon məhkəməsinin sədri İsmayıl Abdurəhmanlı, Kijəbə qəsəbə tam orta məktəbinin müəllimi, Əməkdar Müəllim Azər Kişiyev, Təhsil İşçiləri Azad Həmkarlar Təşkilatının sədri Laləzar Qurbanova, Astara Pedaqoji Kollecinin müəllimi Ruslan Əliyev tədbirdə çıxış etmişlər.