İQTİSADİYYAT
ATABANK YENİ STRATEGİYASINA ÜMİD BƏSLƏYİR
AtaBankın rəhbərliyi noyabrın 21-də “Həyat-Park” mehmanxanasında mətbuat konfransı keçirmişdir.
Bankın müşahidə şurasının sədri Əhməd Ərəntok bildirmişdir ki, bu maliyyə strukturu 1993-cü ilin noyabrında yaradılıbdır. İndiki islahat onu universal banka çevirmək və öz müştərilərinə maksimum geniş miqyasda keyfiyyətli xidmətlər göstərmək məqsədi ilə aparılıbdır. O demişdir ki, Azərbaycan Rrezidenti Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində respublikada makroiqtisadi sabitliyin təşəkkül tapması, hərtərəfli islahatların həyata keçirilməsi xarici iş adamlarının fəaliyyəti üçün lazimi şərait yaratmışdır.
Əhməd Ərəntokun sözlərinə görə, AtaBankın əsas məqsədləri hər bir müştəriyə kompleks şəkildə ən müasir bank xidmətləri göstərmək, informasiya texnologiyaları sahəsində son nailiyyətləri tətbiq etmək, biznes proseslərini təkmilləşdirmək və xidmətin səviyyəsini yüksəltməkdir.
Bank bazarların ətraflı montiorinqini və peşəkar təhlilini aparır. Bu, iqtisadi və sosial irəliləyişləri səriştə ilə proqnozlaşdırmağa və düzgün qərarlar çıxarmağa imkan verir. Korporativ və özəl müştərilərə təklif olunan kommersiya bank xidmətləri AtaBank üçün biznesin öncül istiqamətidir. Bank müştərinin tələbatını ödəməli olan yeni informasiya sistemi də yaradır.
Plastik kartlar buraxılması və onların əsasında xidmət göstərilməsi, habelə elektron kommersiyası da bankın fəaliyyətinin öncül istiqamətləri sırasına daxildir. Hazırda plan üzrə yerli ödəniş sistemləri kartlarının emissiyası il ərzində 3 min kartdan çoxdur.
Mətbuat konfransında həmçinin bildirilmişdir ki, AtaBank öz səhmlərinin bir qismini İngiltərənin maliyyə şirkətlərindən birinə vermək barədə danışıqlar aparır.