ATƏT regionundakı problemlərin həllində qurumun Parlament Assambleyasının təsirinin artırılması məsələsi müzakirə olunub
Bakı, 13 may, AZƏRTAC
Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini Azay Quliyevin Kopenhagendə qurumun baş katibi Roberto Montella və Katibliyin əməkdaşları ilə görüşündə ATƏT regionundakı problemlərin həllində Assambleyanın təsirinin artırılması ilə bağlı müzakirələr aparılıb.
Görüşdə iyunun 5-də keçmiş Yuqoslaviya Respublikasına daxil olan Makedoniyada keçiriləcək parlament seçkilərində ATƏT PA-nın seçki müşahidəsi missiyasının rəhbəri kimi Azay Quliyevə Katiblik tərəfindən bu ölkədəki ən son vəziyyətlə bağlı məlumat verilib. Həmçinin bu ay Assambleyanın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin Azərbaycana səfərinə hazırlıq və regiondakı vəziyyət, eləcə də Assambleyanın iyulun əvvəlində Tbilisidə keçiriləcək növbəti illik sessiyasına hazırlıq barədə məsələlər müzakirə olunub.
Mayın 11-də isə Azay Quliyev Helsinkidə ATƏT Parlament Assembleyasının prezidenti İlkka Kanerva ilə görüşüb.