Audiovizual media subyektlərinin texniki heyəti üçün təlimlərə başlanılıb
Bakı, 18 dekabr, AZƏRTAC
Dekabrın 18-dən etibarən Medianın İnkişafı Agentliyi, Audiovizual Şura və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə audiovizual media subyektlərinin texniki heyəti üçün iki moduldan ibarət təlimlərə başlanılıb.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, “Televiziyada işıq və kameranın istifadəsi” modulu çərçivəsində keçirilən ilk təlimdə filmlər, teleseriallar, sənədli filmlər, xəbərlər, idman verilişləri və musiqili-əyləncə proqramlarında işıqçı kimi fəaliyyət göstərmiş, hazırda isə Daxili İstehsalat İdarəsinin İşıq Xidmətində işıqlandırma üzrə dizayner və icraçı vəzifəsində çalışan Cengiz Çifci işıq və onun xüsusiyyətləri, işıqdan düzgün istifadə və onun əhəmiyyəti, işıqlandırmada texniki və bədii tələblər, işıq filtrləri və aksesuarları haqqında danışıb.
Modul çərçivəsində ikinci təlimdə bir sıra sənədli filmlərin prodüser və quruluşçu rejissoru kimi müxtəlif festivallarda mükafatlara layiq görülən, hazırda TRT-də baş operator vəzifəsində çalışan Zafer Sevener çıxış edib. O, televiziyada işıq və kamera, kameranın əsas hissələri, linzalar, şəklə effektlər, kamera hərəkətləri və onlar üçün istifadə olunan alətlər, əsas çəkiliş tərzləri, çərçivə qaydaları və kompozisiyadan bəhs edib.
Dekabrın 20-dək davam edəcək təlimin əsas məqsədi müxtəlif modullar üzrə televiziyada çalışan texniki komandaların yeni sistemlər və iş axınları, texnologiyalar və onların istifadə təlimatları, eyni zamanda, dinamik mühitdə uğurlu komanda işinin qurulması ilə bağlı həm nəzəri, həm də təcrübi bilik qazanmalarını təmin etməkdir.