Avqustun 2-dən paytaxtın uşaq bağçalarına qəbul elektron qaydaya keçir
Bakı, 26 iyul, AZƏRTAC
Prezident İlham Əliyevin dövlət qurumlarının fəaliyyətinin şəffaflaşdırılması ilə bağlı tapşırıqlarına uyğun olaraq, Bakı şəhərinin məktəbəqədər tərbiyə müəssisələrinə uşaq qəbuluna dair elektron xidmətin yaradılması sahəsində işlər başa çatdırılıb.
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Başçısı Aparatının rəhbəri Elgin Həbibullayev AZƏRTAC-a bildirib ki, cari il avqustun 2-dən etibarən paytaxtın məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulunun elektron qaydada aparılmasına start veriləcək.
Pilot layihə kimi seçilən Nizami rayonunda bütün hazırlıq və təşkilati işlər başa çatıb. Artıq valideynlər evdən çıxmadan, elektron qaydada bağçalarda boş yerlər barədə asanlıqla məlumat əldə edərək, övladlarını paytaxtın uşaq bağçalarına qeydiyyata sala biləcəklər.
Elektron qəbul sistemi iş prosesində qarşıya çıxan nöqsanların təhlili, rəylər və təkliflər əsasında təkmilləşdiriləcək. Nizami rayonunda pilot layihənin gerçəkləşdirilməsindən sonra paytaxtın digər rayonlarında da sistemin tətbiqi mərhələli şəkildə həyata keçiriləcək. Elektron qəbul sistemi ilə yanaşı təlim - tərbiyə prosesində yeni, innovativ yanaşmanın tətbiq olunması üzərində işlər gedir. Bu barədə yaxın zamanda daha ətraflı açıqlama veriləcək.
Bundan əlavə, Aparat rəhbəri BŞİH-in digər xidmət sahələrində də elektronlaşmanın və şəffaflığın təmin edilməsi məqsədilə xüsusi proqramın hazırlandığını bildirib.