Avrokomissiyanın sözçüsü: Monteneqroda təxribat xarakterli hərəkətlərə son qoyulmalıdır
Podqoritsa, 13 dekabr, AZƏRTAC
Monteneqronun paytaxtı Podqoritsada Prezident Milo Cukanoviçin tərəfdarlarının parlament binasının qarşısında keçirdiyi aksiya davam edir.
AZƏRTAC xəbər verir ki, ölkədəki siyasi vəziyyətdən razı olmayan və prezidentin səlahiyyətlərini məhdudlaşdıran qanun layihəsini yenidən səsə qoyaraq təsdiq edən parlamentə etiraz əlaməti olaraq keçirilən aksiyada yüzlərlə nümayişçi parlament binasının qarşısına toplaşaraq yolları bağlayıb, hökumət əleyhinə şüarlar səsləndiriblər. Nümayişçilər qanuna edilən düzəlişin konstitusiyaya zidd olduğunu bildirirlər. Polis aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə edib.
Avropa İttifaqı (Aİ) Monteneqrodakı siyasi aktorları “prezidentin səlahiyyətlərini məhdudlaşdıran qanunu” ləğv etməyə çağırıb. Avropa Komissiyasının sözçüsü Anna Pisonero Hernandez tviter səhifəsində bildirib ki, Monteneqroda təxribat xarakterli hərəkətlərə ən qısa zamanda son qoyulmalıdır.
Qeyd edək ki, Monteneqro Prezidenti Milo Cukanoviç daha əvvəl parlamentin qəbul etdiyi bu qanun layihəsini imzalamaqdan imtina etmiş, “mübahisəli qanunu” yenidən parlamentə göndərmişdi. Qanun layihəsində prezidentin hökumət qurmaq mandatını heç kimə həvalə etmədiyi təqdirdə, parlament üzvlərinin əksəriyyətinin dəstəklədiyi namizədin bu səlahiyyətləri icra edəcəyi qeyd olunub.
Xatırladaq ki, Monteneqroda Baş nazir Dritan Abazoviçin rəhbərlik etdiyi hökumət avqustun 19-da parlamentdə keçirilən etimadsızlıq səsverməsi nəticəsində buraxılıb. Hökumətin buraxılmasına avqustun 3-də D.Abazoviçin Serb Pravoslav Kilsəsi Patriarxı Porfiriya ilə Monteneqroda Serb Kilsəsinə rəsmi statusun verilməsinə dair imzaladığı fundamental razılaşma səbəb olub.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Podqoritsa