AVROPA-AZƏRBAYCAN İNFORMASİYA MƏRKƏZİ YARADILIR
Paris, 25 noyabr (AZƏRTAC). Avropada yaşayan soydaşlarımız doğma vətənləri barədə həqiqətləri, tarixinə, mədəniyyətinə və incəsənətinə dair dolğun məlumatları yaşadıqları ölkənin əhalisinə çatdırmaq üçün müxtəlif vasitələrdən istifadə edirlər. Hollandiyada fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) bu sahədəki fəaliyyəti daha önəmlidir. Qurumun layihəsi əsasında yaradılan Avropa üzrə Azərbaycan İnformasiya Mərkəzi buna əyani nümunədir.
Təşkilatdan bildirmişlər ki, noyabrın 22-də Almaniyanın Frankfurt şəhərində Avropa Azərbaycanlıları Konqresi və Azərbaycan-Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının birgə toplantısında Avropada Azərbaycan İnformasiya Mərkəzinin yaradılması ilə bağlı təqdimat mərasimi keçirilmişdir. Mərkəzin yaradılmasında məqsəd Azərbaycana dair informasiya ötürülməsi sahəsindəki mövcud boşluğu aradan qaldırmaqdan ibarətdir. Layihənin müəllifləri- “Benilüks Azərvaycanlıları news” qəzetinin redaktoru Tale Həsənovun və baş məsləhətçi Sahil Qasımovun dediklərinə görə mərkəz Avropa ölkələrində fəaliyyət göstərən səfirliklərimiz və diaspor təşkilatlarımızla sıx əməkdaşlıq edəcəkdir. Adı çəkilən qurumlarla əlaqə yaradılması sayəsində həyata keçirilən informasiya siyasəti nəticəsində dövlətimizin, xalqımızın tarixi-mədəni irsi, torpaqlarımızın Ermənistan tərəfindən işğal edilməsi, işğal zamanı erməni ordusunun və orduya rəhbərlik etmiş beynəlxlaq axtarışda olan canilərin insanlıq əleyhinə törətdikləri cinayətlərə dair faktları Avropa ictimaiyyətinə və siyasi elitasına daha dolğun şəkildə çatdırmaq istiqamətində ciddi səy göstəriləcəkdir. Ən əsası isə layihə müəllifləri tərəfindən mərkəzin fəaliyyəti üçün hazırlanacaq informasiya siyasəti səfirliklərimizin və diaspor təşkilatlarımızın bu vaxtadək apardıqları informasiya mübarizəsinin yeni mərhələyə qalxmasına ciddi stimul verəcək, informasiyanın dolğun və məzmunlu şəkildə yerli əhaliyə çatdırılmasına daha geniş imkan yaradacaqdır.
Mərkəz Avropa ictimaiyyətinə informasiya ötürməklə yanaşı, Avropada yaşayan azərbaycanlı yeniyetmə və gənc nəslin nümayəndələrinə ölkəmizin tarixi, mədəniyyəti və ədəbiyyatını mənimsəmələri üçün xüsusi proqram hazırlamışdır. Mərkəzin rəsmi saytında bununla bağlı böyük həcmdə elektron kitablar və dərsliklər yerləşdirilmişdir. Xüsusi tədris məqsədi ilə mərkəz Azərbaycan Milli Elmlər Akademiyasının nüfuzlu nümayəndələrindən ibarət komissiyasının yaradılmasına dair bir sıra ziyalılarımızın razılığını əldə etmişdir.
Mərkəz informasiya texnologiyalarının bütün resurslarından istifadə edərək virtual məktəblərin yaradılması ilə bağlı layihənin də başa çatmaq üzrə olduğunu bildirmişdir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris