AVROPA AZƏRBAYCANLILARI KONQRESİNİN FƏALİYYƏT PROQRAMI TƏSDİQ EDİLMİŞDİR
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, iyulun 6-da Almaniyanın Maynts şəhərində Avropa Azərbaycanlıları Konqresi (AAK) İcraiyyə Komitəsinin iclası keçirilmişdir.
Şəhər bələbiyyəsinin başçısı Yens Boytel iştirakçıları salamlamış, Mayntsda Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti üçün hər cür şərait yaradıldığını bildirmişdir. O, şəhər bələdiyyəsinin nəzdindəki Azsaylı Xalqlar Məclisinə iki azərbaycanlının üzv seçilməsini yüksək dəyərləndirmişdir.
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov qurumun gördüyü işlərdən danışmış, Azərbaycan diasporunun yaşadıqları cəmiyyətlərdə daha yüksək mövqe tutmasına yardım məqsədi ilə xüsusi proqramlar hazırlandığını bildirmişdir.
AAK-ın II Qurultayından keçən dövr ərzində görülən işlər barədə məlumat verən təşkilatın sədri Natiq Ağamirov, 2007-2009-cu illəri əhatə edən fəaliyyət proqramı barədə məlumat vermişdir. Fəaliyyət proqramı təsdiqlənmiş və iki ay müddətinə tədbirlər planının hazırlanması qərara alınmışdır.
Bildirilmişdir ki, AAK-ın fəaliyyətinin operativliyini təmin etmək üçün Berlində Əlaqələndirici Katibliyin ofisi yaradılacaqdır.
“Azərbaycan və Türk diaspor təşkilatlarının birgə fəaliyyət strategiyası”ndan irəli gələn vəzifələrin də diqqət mərkəzində olduğu iclasda quruma üzv təşkilatların təklifləri dinlənilmiş, Avropa ölkələrində yaşayan azərbaycanlıların təşkilatlanması, doğma Vətənlə əlaqələrinin inkişafı, insan hüquq və azadlıqlarının qorunması, ictimai-siyasi həyata inteqrasiyasının sürətləndirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparılmışdır.