Avropa çempionatı öncəsi sərbəst güləşçilərin reytinq siyahısı açıqlanıb
Bakı, 2 mart, AZƏRTAC
Dünya Güləş Birliyi 2016-cı ilin fevralında keçirilən yarışların nəticəsinə əsasən, Avropa çempionatı öncəsi sərbəst güləş üzrə yeni reytinq siyahısını açıqlayıb.
Bu barədə AZƏRTAC-a Azərbaycan Güləş Federasiyasından xəbər verilib.
Sərbəst güləşçilərimizdən 11-i Dünya Güləş Birliyinin reytinq siyahısında yer alıb. Ən yaxşı göstərici ötən ilki mundialda ikinci çempionluğunu qazanan Hacı Əliyevə (61 kq) məxsusdur. O, öz çəkisində reytinqin birincisidir.
Ötən ay heç bir yarışda iştirak etməyən Toğrul Əsgərov (65 kq, 5-ci yer), Cəbrayıl Həsənov (74 kq, 14-cü), Xetaq Qazyumov (97 kq, 4-cü) və Cəmaləddin Məhəmmədov (125 kq, 3-cü) reytinqdə bir pillə geriləyiblər. Doxsan yeddi kiloqram çəki dərəcəsində mübarizə aparan Şərif Şərifov isə onuncu pillədə yer alıb.
Fevralda İstanbulda keçirilmiş Yaşar Doğunun xatirəsinə həsr olunan beynəlxalq turnirdə çempion olan Aleksandr Qostiyev 4 pillə, Minskdə keçirilmiş Aleksandr Medvedin mükafatı uğrunda beynəlxalq turnirdə qalib olan Nurməhəmməd Hacıyev isə 6 pillə irəliləyib. Güləşçilərimiz müvafiq olaraq 86 kiloqram çəki dərəcəsinin reytinq siyahısında 10 və 12-ci yerlərdə qərarlaşıblar. Bu çəki dərəcəsində reytinq siyahısında daha 2 güləşçimizin adı var. Məhəmmədhacı Xatiyev 13-cü, Həmzət Osmanov 16-cı sırada yer alıb.