AVROPA ÇEMPİONATININ İLK GÜNÜ AZƏRBAYCANIN UNİVERSAL DÖYÜŞÇÜLƏRİ 7 QIZIL MEDAL QAZANMIŞLAR
Bakı, 18 sentyabr (AZƏRTAC). Qusar Olimpiya İdman Kompleksində universal döyüş üzrə kişi və qadınlar arasında 5-ci Avropa çempionatına start verilmişdir. Qitənin ən güclüsü adı uğrunda mübarizəyə Azərbaycan idmançıları ilə yanaşı, ümumilikdə 22 ölkədən 150 idmançı qoşulmuşdur. 30 hakimin idarə etdiyi yarışda ölkəmizi iki heyətdə 35 idmançı təmsil edir.
Layt və klassik növ üzrə təşkil olunan yarışların baş hakimi beynəlxalq ekstra klass dərəcəli hakim, rusiyalı Andrey Çumlyakov, baş hakimin köməkçisi isə beynəlxalq dərəcəli ədalət təmsilçisi, Azərbaycan yığmasının baş məşqçisi Fərhad Ocaqverdiyevdir.
Avropa çempionatının ilk günü layt versiyası üzrə yarışlar keçirilmişdir. Kişi və qadınlar arasında 7 çəki dərəcəsi üzrə təşkil olunan yarışın birinci günü idmançılarımızın uğurlu çıxışları ilə yadda qalmışdır.
Yığma üzvlərindən kişilər arasında Sahil Namazov (65 kq), Xəyyam Səfixanov (70 kq), Vüqar Ocaqverdiyev (75 kq) Avropa çempionu adına layiq görülmüşlər. Zərif cinsin nümayəndələrindən isə Nazənin Məmmədova (48 kq), Gülnar Gülməmmədova (52 kq), Gülsədəf Kərimova (63 kq), Gözəl Zutova (70 kq) bütün rəqiblərini üstələyərək qızıl medal qazanmışlar. Yığmamız 7 qızıl medalla ümumi hesabda birinci yerə layiq görülmüşdür. İkinci və üçüncü pillələrdə isə müvafiq olaraq Rusiya və Ukrayna idmançıları qərarlaşmışlar. Layt versiyası üzrə yarışlar başa çatdıqdan sonra çempionatın təntənəli açılış mərasimi keçirilmişdir.
Mərasimdə Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, Avropa Universal Döyüş Federasiyasının prezidenti, Mərkəzi Ordu İdman Klubunun sədri Natiq Əliyev, Azərbaycan Universal Döyüş Federasiyasının prezidenti, Ümumdünya Universal Döyüş Federasiyasının I vitse-prezidenti Azər Həsənov, Qusar rayon icra hakiminin müavini Arif Məmmədov, Olimpiya çempionu Namiq Abdullayev iştirak etmişlər.
Əvvəlcə yarışların baş hakimi Andrey Çumlyakov hakimlər kollegiyasının üzvlərini təqdim etdi.
Sonra söz Avropa Universal Döyüş Federasiyasının prezidenti Natiq Əliyevə verilmişdir. O, yarış iştirakçılarını Azərbaycan Gənclər və İdman Nazirliyi, Avropa və Beynəlxalq Universal Döyüş Federasiyası rəhbərliyi adından salamladı və yarış iştirakçılarına gərgin mübarizədə uğurlar arzuladı.
Ölkəmizdə beynəlxalq səviyyəli yarışların keçirilməsi dünya birliyinə inteqrasiyasının göstəricisidir. Azərbaycan idmançıları indiyədək bir sıra mötəbər beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edərək yüksək uğurlara imza atmışlar. Natiq Əliyev ölkəmizdə universal döyüş üzrə Avropa çempionatının təşkil olunmasını əlamətdar hadisə kimi qiymətləndirdi: “Belə mötəbər yarışın Qusar rayonunda keçirilməsi böyük hadisədir. Yarışda 22 Avropa ölkəsinin iştirak etməsi güclü rəqabətdən xəbər verir”.
Mərasimdə cıxış edən Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Xəzər İsayev əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan idman siyasətinin Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişdir. O, V Avropa çempionatının keçirilməsi münasibətilə Azərbaycan və Avropa universal döyüş federasiyası rəhbərliyini, idmançıları, qonaqları və Qusar sakinlərini təbrik etmişdir. MOK-un vitse-prezidenti Azərbaycan Milli Olimpiya Komitəsi adından yarışın təşkilinə görə Natiq Əliyev və Azər Həsənova minnətdarlığını bildirmiş, federasiyanın gələcək fəaliyyətində uğurlar arzuladı. Xəzər İsayev qitə çempionatının təşkilindən sonra ölkəmizdə bu idman növünə marağın daha da artacağına inandığını bildirmişdir.
Azərbaycan Universal Döyüş Federasiyasının prezidenti Azər Həsənov, Qusar rayon icra hakiminin müavini Arif Məmmədov qonaqları və idmansevərləri salamlayaraq yarış iştirakçılarına uğurlar diləmişlər. Arif Məmmədov Avropa çempionatı kimi yarışın Qusarda təşkilini təqdirəlayiq hal kimi qiymətləndirmişdir: “Bu yarışın bölgədə təşkili ölkəmizdə idmanın inkişafının göstəricisidir. Belə yarışın Qusar kimi ucqar bölgədə keçirilməsi rayon gənclərinin universal döyüşə olan marağını artıracaq”.
Yarış açıq elan olunduqdan sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilmişdir. Açılış mərasiminin bədii hissəsi konsert proqramı ilə davam etdirildi. Daha sonra klassik növ üzrə müxtəlif çəki dərəcələrində ilkin döyüşlər keçirilmişdir.
Qeyd edək ki, qitə çempionatında final görüşləri yarışın sonuncu günü - sentyabrın 19-da keçiriləcəkdir.