İDMAN
Avropa Cüdo Birliyi medal qazanan idmançılarımızın çıxışını təhlil edib





Bakı, 8 sentyabr, AZƏRTAC
Niderlandın Haaqa şəhərində keçirilən Avropa çempionatında medal qazanmış Azərbaycan idmançılarının çıxışları Avropa Cüdo Birliyinin rəsmi səhifəsində təhlil olunub.
Federasiyadan AZƏRTAC-a verilən məlumata görə, gənc cüdoçularımız yarışın ilk günün yüksək nəticələr əldə ediblər. Onlar ümumilikdə üç medal (bir qızıl, bir gümüş, bir bürünc) qazanıblar.
Müəllifin sözlərinə görə, yeniyetmələr arasında Avropa çempionları - azərbaycanlı Nizami İmranovla israilli Yehonatan Veksler (60 kiloqram) titul kolleksiyasını davam etdirmək üçün mübarizə aparıblar: “Onların hər ikisi sürətli və dinamik texnikaya sahibdirlər, tamaşaçılar da məhz bunu gözləyirdirlər. Hər iki idmançı səhv etməmək üçün qarşılaşmaya ehtiyatla başlayıblar. İmranovun bütün günü məşq etdiyi hərəkətlə xal qazanması üç dəqiqə çəkdi. O, sanki “kata guruma” adlı hərəkətə hazırlaşırdı, lakin əvəzinə “sumi gaeshi” fəndindən istifadə edərək hər kəsi təəccübləndirdi. Bu hərəkət ona titul qazanmağa kömək etdi, çünki israilli cüdoçu təsirli cavab verə bilmədi”.
Məqalədə 66 kiloqram çəki dərəcəsində mübarizə aparan Aydın Rzayevin böyük potensiala malik olduğu, gərgin yarışda əla çıxış edərək gümüş medal qazandığı vurğulanıb.
Həmçinin 52 kiloqram çəkidə bürünc medal qazanan Aydan Vəliyevanın güclü rəqiblərlə qarşılaşmalarda öz məharətini nümayiş etdirdiyi qeyd olunub.