AVROPA İTTİFAQI EMBRİONAL HÜCEYRƏ KÖTÜKLƏRİ TƏDQİQATLARINI MALİYYƏLƏŞDİRƏCƏK
Aİ mövcud hüceyrə kötüklərinin tədqiqatlarının xərcini ödəyəcək, lakin hüceyrə kötüklərinin çıxarılması ilə bağlı yeni eksperimentləri maliyyələşdirməyəcəkdir. Özü də tədqiqatlar müəyyən tələblərə cavab verməlidirlər. İnsanı klonlaşdırmaq, yaxud onun genofondunu dəyişdirmək qadağan olunur.
Universal hüceyrələr olan hüceyrə kötükləri insan orqanizminin istənilən orqanlarının və toxumalarının hüceyrələrinə çevrilə bilərlər. Alimlər bu hüceyrələrdən insan üçün ehtiyat hissəsi kimi, habelə dərman, xüsusilə, parkinson və altsgeymer xəstəlikləri əleyhinə vasitələr istehsalında istifadə etmək niyyətindədirlər.
Hüceyrə kötükləri istehsalını Belçika, İspaniya, İsveç və Böyük Britaniya daha fəal dəstəkləyir, Almaniya, Avstriya, Litva, Lüksemburq, Malta, Polşa və Slovakiya isə əleyhinə çıxırlar. Almaniya təmsilçisi Annet Şavan demişdir: “Biz embrionların öldürülməsinin maliyyələşdirilməsini təşviq etmək niyyətində deyilik”.
Aİ ölkələrinin maliyyələşdirməni davam etdirmək qərarı ABŞ Prezidenti Corc Buşun Senatın qəbul etdiyi qanuna qadağa qoymasından bir neçə gün sonra qəbul olunmuşdur. Qanun isə hüceyrə kötükləri sahəsində tədqiqatlara əlavə vəsait ayrılmasını nəzərdə tuturdu.