Avropa İttifaqı ölkələrinin əksəriyyəti sərhəd nəzarətini gücləndirir
Bakı, 30 oktyabr, AZƏRTAC
Almaniya və Fransanın ardından Niderlandda da Avropa İttifaqının daxili sərhədlərində sərhəd nəzarətinin tətbiqi planlaşdırılır.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Aİ ölkələri arasında ilk dəfə Almaniya öz sərhədlərində gücləndirilmiş təhlükəsizlik yoxlamaları tətbiq edib və bu tədbirlər sərhəd-keçid məntəqələrində tıxaclara və növbələrə səbəb olub. Bənzər tədbirlər daha sonra Fransada tətbiq edilib. Fransanın hazırkı sərhəd nəzarəti oktyabrın 31-də başa çatacaq, lakin yeni yoxlamalarla bağlı qanun aktı noyabrın 1-dən qüvvəyə minəcək. Rəsmi Paris daxili sərhəd nəzarətini gələn ilin aprel ayına qədər uzadacağını açıqlayıb. Belə ki, Şengen Sazişi çərçivəsində Fransanın Belçika, İspaniya, Lüksemburq, İsveçrə, Almaniya və İtaliya ilə sərhədlərində nəzarət tətbiq ediləcək.
İndi Fransaya və ya Almaniyaya avtomobillə gedənlər bilməlidirlər ki, hər iki sərhəddə yoxlamalarla üzləşə bilərlər. Eyni zamanda, Avropa ölkələrinin hakimiyyət orqanları qeyd edir ki, bunlar qeyri-leqal miqrasiyaya nəzarətin zəruriliyi ilə bağlı müvəqqəti tədbirlərdir.
Avstriya da noyabrın 11-dək Sloveniya və Macarıstanla sərhəd nəzarətini gücləndirib. Bundan başqa, Danimarka, Norveç və İsveç noyabrın 11-dək bütün daxili sərhədlərdə yoxlamalar tətbiq edib. Sloveniyanın Xorvatiya və Macarıstanla sərhədində isə nəzarət tədbirləri bu il dekabrın 21-dək aparılacaq.